Subaru şirkəti Levorg universalının STI Sport adını almış «idman» variantını təqdim etmişdir. Universalın mühərriki dəyişilməz qalsa da, onun asqı sisteminin tənzimləmələri dəyişdirilmiş, eksteryerinin dizaynı isə daha aqressiv olmuşdur. Yeni universal adi Levorg avtomobillərindən yeni bamperlərlə, başqa kapotla, qapı kandarları, arxa diffuzorla, buraxılış sisteminin borularının taxmaları, 18-düymlük təkər diskləri ilə fərqlənir. Bundan başqa, Subaru Levorg STI Sport universalı standart rənglərə yanaşı WR Blue Pearl adlı eksklyuziv boya ilə rənglənə bilər.
Universalın salonunda qırmızı və qara dəri ilə üzlənmiş idman oturacaqlarını, həmçinin, STI loqotipi və qırmızı sapla tikişləri olan aşağı hissəsi kəsilmiş sükan çarxını görmək olar. Bundan başqa, STI Sport modifikasiyası təkmilləşdirilmiş sükan sistemini və Bilstein firmasının istehsalı olan yeni amortizatorlar və yayları əldə etmişdir. Tam çəkişli universal iki benzin mühərriki ilə təklif edilir. Avtomobil ilkin olaraq 170 at qüvvəsi və 250 Nm fırlanma anı olan 1,6-litrlik turbomühərriklə təchiz edilir. Digər güc aqreqatı isə, 300 at qüvvəsi gücü və 400 Nm fırlanma anı olan 2,0-litrlik turbomühərrikdir. Hər iki güc aqreqatı Lineartronic variatoru ilə təchiz edilir.
Onu da qeyd etmək lazımdır ki, Subaru Levorg STI Sport modifikasiyası yalnız Yaponiya bazarında satılacaqdır. Yapon istehsalçısı avtomobil üçün 3,94 milyon yen (53 min manat) tələb edir.