Yaponiyanın Response portalı Subaru markasının ilk seriya elektromobilinin adını öyrənib. Toyota ilə birlikdə hazırlanan elektrik krossoveri Evoltis adlanacaq. Yeni elektrokarın tam ötürmə sistemi, minimum 290 at qüvvəsi hasil edən elektrik mühərriki ilə təchiz olunacağı və dolu batareya ilə 500 kilometrə qədər məsafə qət edəcəyi gözlənilir.

İki ay bundan əvvəl Subaru şirkəti elektrik krossoverinin tam ölçülü maketini göstərsə də, onun texniki hissəsi ilə bağlı təfərrüatları açıqlamayıb. Modelin, Toyota və Subaru mühəndislərinin üzərində birlikdə çalışdığı e-TNGA modul platformasına əsaslanacağı məlumdur.

Yapon jurnalistləri Subaru elektrokarının seriya versiyasının, maketlə müqayisədə, daha parlaq dizayna malik olacağına inanırlar. Söylənilənlərə görə, ön hissədəki boş panelin əvəzinə radiator barmaqlığına bənzədilmiş detal, bamperlərdə isə gümüş rəngli müdafiə elementi quraşdırılacaqdır. Ən əsası isə, Subaru elektrokarı mürəkkəb formalı LED optikaya sahib olacaqdır.

Subaru Evoltis elektrokarı yapon markasının benzin və hibird avtomobillərindən EyeSight təhlükəsizlik kompeksini "miras" olaraq alacaqdır. Standart avadanlıqlar siyahısına dairəvi müşahidə kameraları, zolağa nəzarət, avtomatik əyləcləmə və avtomatik parklanma sistemləri daxil ediləcədkir.

Subaru Evoltis modelinin debütü gələn il keçirilməlidir. İnsayderlər elektrokarın təqdimatının 2021-ci ilin oktyabrında Tokyo avtosalonunda keçiriləcəyini bildiriblər. 2030-cu ilə qədər, Subaru markasının elektrikləşdirilmiş modelləri ümumi satış həcminin 40 faizini təşkil etməlidir. 2035-ci ilin sonuna qədər isə, yapon istehsalçısı ənənəvi daxili yanma mühərrikləri ilə hərəkətə gələn modellərdən tamamilə imtina etmək fikrindədir.

Mənbə: Response.jp