Subaru şirkəti 28 mart tarixində qapılarını ziyarətçilərin üzünə açacaq növbəti Nyu-York avtosalonunda Forester krossoverinin yeni nəslini təqdim edəcəkdir. Yapon istehsalçısı öz niyyətinin təsdiqi olaraq yeni modelin ilk tizerini də dərc edib.
Dərc edilən tizerdəki C-şəkilli arxa fənərlər yeni nəsil Subaru Forester modelinin 2015-ci ilin oktyabrında Tokyo avtosalonunda nümayiş etdirilən Subaru VIZIV Future konseptinə bənzəyəcəyinə işarə edir.
İstehsalçı tizeri dərc etməklə kifayətlənərək yeni model barədə heç bir məlumat verməyib. Buna baxmayaraq, növbəti nəsil Forester krossoverinin Subaru Global Platform (SGP) modul platformasında inşa ediləcəyini, dörd silindrli oppozit mühərrikləri, Lineatronic variatoru, simmetrik Symmetrical All-Wheel Drive tam çəkiş sistemi və EyeSight təhlükəsizlik sistemləri kompleksi ilə təchiz ediləcəyini inamla söyləmək olar.
Əlbəttə ki, Subaru şirkətinin Forester modelinin tS və STI modifikasiyalarının da təklif ediləcəyi ehtimalını da yaddan çıxarmaq gərək deyil. Eyni zamanda, yeni krossoverin indi dəbdə olan hibrid güc qurğusu ilə təchiz ediləcəyini də ehtimal etmək olar. SGP modul platformasının elektromobillərə də uyğun gəldiyini nəzərə alaraq Forester elektrokrossoverinin də buraxılacağı istisna edilmir.