Subaru krossoverləri rəqibləri ilə müqayisədə onsuz da yaxşı yolsuzluq xüsusiyyətlərinə malikdirlər. Ancaq bu xüsusiyyətləri qənaətbəxş hesab etməyən amerikalı alıcılar üçün "vəhşi" Subaru Outback Wilderness kross-universalı hazırlanıb. Yeni versiyanın adı "vəhşi təbiət" kimi tərcümə olunur – kross-universal məhz belə məkanları fəth etməlidir.
Wilderness modifikasiyasının əsas cəhəti təkmilləşdirilmiş asqısıdır: yeni yaylar və amortizatorlar quraşdırılıb, təkər izi 5 millimetr genişləndirilib və klirens 220-dən 240 millimetrə qədər qaldırılıb. İndi kuzovun giriş bucağı 20 dərəcəyə, çıxış bucağı isə 23,6 dərəcəyə çatır. Altlığın müdafiəsi gücləndirilib və Yokohama Geolandar ofroud şinləri taxılmış yeni 17-düymlük təkər diskləri quraşdırılıb.
Subaru Outback Wilderness modeli 264 at qüvvəli standart 2,4-litrlik turbomühərrik və Lineartronic variatoru ilə təchiz edilir. Ancaq əsas ötürmə (4.11: 1 əvəzinə 4.44: 1) daha qısadır və əlavə olaraq, X-Mode elektron sisteminin ofroud rejimləri yenidən tənzimlənib. Qeyd olunan bütün dəyişikliklərin hesabına “vəhşi” kross-universal 40 faizlik çınqıllı yoxuşa qalxmalıdır.
Digər dəyişikliklər arasında dərində yerləşdirilimiş duman əleyhinə fənərləri olan yeni qara bamperlər, təkər tağlarının iri genişləndiriciləri və möhkəmləndirilmiş dam reyliqləri var. Salondakı oturacaqlar suyadavamlı örtük ilə üzlənib, mediasistemin menyusuna isə uzunlamasına və köndələn yana əyilmələrin indikatorları əlavə edilib. Üstəlik, kuzovda və salonda yeni versiyanın loqotipləri quraşdırılıb.
Subaru Outback Wilderness modelinin ABŞ-dakı satışlarına cari ilin ikinci yarısında başlanacaqdır. Avtomobillər Subaru şirkətinin İndianadaki zavodunda istehsal olunacaqlar və Şimali Amerikadan kənarda satılmayacaqlar.