Subaru şirkəti Toyota modellərini rebrendinqini həyata keçirməklə özünün elektromobillər çeşidini genişləndirməyə davam edir. Bu proses 2021-ci ildə, Toyota bZ4X elektromobilinin surəti olan Subaru Solterra elektrik krossoverinin debütü ilə başlayıb.
Daha sonra uzun Subaru Trailseeker (Toyota bZ Woodland modelinin analoqu) və yığcam Subaru Uncharted (Toyota C-HR) krossoveri təqdim edilib. İndi isə, Nyu-Yorkda keçirilən sərgidə brendin dördüncü elektromobili – böyük yeddi yerlik Subaru Getaway krossoveri təqdim olunub.
Yeni model növbəti dəfə orijinallığa iddia etmir: onun örnəyi fevral ayında təqdim edilən beşinci nəsil Toyota Highlander elektrik krossoveri olub. Getaway Toyota krossoverindən nəhəng kvadrat tağları, çıxıntılı yan divarları və irəli çıxan qapı tutacaqları olan beş metrlik kuzovu miras alıb.
Subaru modelinin ön və arxa tərəfinin dizaynı özünəməxsusdur: batareyanın səviyyəsini göstərən bölünmüş gündüz işıqları, trapesiya formalı faraları olan başqa ön bamper və radiator barmaqlığını əvəzləmiş işıqlandırılan loqotipi olan bağlı panel.
Arxa tərəfədə nöqtəli qrafikası olan monofənər quraşdırılıb və baqaj qapısının forması dəyişdirilib. Krossover 19 və ya 20 düymlük təkər disklərli ilə təklif olunur.
Subaru Getaway modelinin interyeri orijinal Highlander modelindən daha az fərqlənir. Avtomobil 12,4 düymlük rəqəmsal cihaz paneli və multimedia sisteminin 14 düymlük mərkəzi displeyi olan oxşar bənzər ön panelə malikdir.
Mərkəzi konsolda hərəkət rejimlərinin selektoru və 15 Vatt gücündə iki simsiz şarj meydançası var. Salon çoxlu saxlanc yerləri, geniş ikinci oturacaq cərgəsi və 450 - 1291 litr arasında dəyişən baqaj bölməsi (üçüncü sıra oturacaqları qatlandıqda) ilə seçilir.
Standart olaraq, avtomobildə yeddi nəfər üçün oturacaq var, lakin Subaru müştərinin istəyi ilə ikinci cərgənin divanını ayrıca kapitan kresloları ilə əvəz edə bilər.
Getaway modelinin üçüncü oturacaq cərgəsi elektrik ötürməsi ilə təchiz olunub. Krossoverin baza təchizatına həmçinin ətraf işıqlandırması, USB-C portları, qızdırılan ön oturacaqlar, Apple CarPlay və Android Auto protokollarının dəstəyi və Subaru EyeSight firma təhlükəsizlik kompleksi daxildir.
Bu kompleksə kor zonaların monitorinqi, avtomatik əyləcləmə sistemi, zolaqda saxlama köməkçisi və adaptiv kruiz-kontrol daxildir. Avtomobilin daha bahalı versiyalarında panoram dam, ön və ikinci cərgənin havalandırılan oturacaqları, qızdırılan bütün oturacaqlar və sükan çarxı, rəqəmsal salon güzgüsü, dəri örtük, Harman/Kardon audio sistemi, yol ayrıclarında toqquşmaların qarşısını alan sistem və park köməkçisi var.
Texniki cəhətdən Getaway TNGA-K arxitekturasının elektrik versiyasına əsaslanan Toyota Highlander elektrik krossoverini təkrarlayır. Toyota bir və ya iki elektrik mühərrikli güc qurğusu təklif etsə də, Subaru yalnız tam ötürməli sistem ilə əlçatandır.
Güc aqreqatının ümumi gücü 426 at qüvvəsidir ki, bu da 60 mil/saata (97 km/saat) sürətlənməni beş saniyəyə həyata keçirməyə imkan verir. Müqayisə üçün, ən yüksək səviyyəli Highlander modelinin ikimühərrikli güc qurğusu 343 at qüvvəsi hasil edir.
Satışların başlanğıcında Subaru Getaway 95,8 kilovat/saatlıq batareya (Highlander həmçinin 77 kilovat/saatlıq seçim təklif edir) ilə təchiz ediləcək. EPA dövrü üzrə yürüş məsafəsi 300 mil (483 kilometr) təşkil edir.
150 kilovatlıq bort qurğusu ABŞ üçün standart sayılan NACS konnektoruna malikdir və 30 dəqiqə ərzində batareyanı 10%-dən 80%-ə qədər doldurulmağa imkan verir. Kiçik batareyası olan daha əlverişli versiyanın 2027-ci ildə satışa çıxarılması gözlənilir.
Yeni modelin idarəetmə elektronikası da təkmilləşdirilib: rejimlər siyahısına X-Mode yolsuzluq alqoritmi daxil edilib. Krossoverin klirensi 211 millimetrdir, yedəyə götürülən qoşqunun çəkisi 1588 kiloqrama çatır.
Subaru markasının flaqman elektromobilinin satışlarına bu ilin payızında start veriləcək. ABŞ bazarı üçün model Highlander elektrik krossoveri ilə eyni yığım xəttini paylaşacaq. Rəsmi qiymətlər hələlik açıqlanmayıb, lakin baza versiyasının qiymətinin 50 min dollardan başlayacağını gözləmək olar. Bu, Kia EV9 və Hyundai Ioniq 9 elektrik krossoverlərinin başlanğıc qiymətləri ilə müqayisə edilə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









