Subaru BRZ kupesi indiki formada artıq üç ildir ki, istehsal olunur və ona olan marağı artırmaq üçün Subaru şirkəti sportkarın yeni versiyasını buraxacağını elan edib. Bunun xüsusi bir tərtibat və ya əlavə təkmilləşdirmələr paketinin olacağı hələlik məlum deyil: şirkət yalnız BRZ kupesinin "daha cəsarətli" olacağına işarə edib.

Dərc edilmiş yeganə tizerdə qırmızı BRZ hərfi olan fənəri görmək olar. Qeyri-rəsmi məlumatlara görə, idman kupesi Toyota şirkətinin bir ay bundan əvvəl GR86 üçün təklif etdiyi Performance Pack paketinin analoqunu ala bilər.

“Yeni versiya” dedikdə, Subaru şirkətinin öndə dördporşenli qırmızı supportları, arxada isə ikiporşenli mexanizmləri olan təkmilləşdirilmiş Brembo əyləclərini nəzərdə tutduğu ehtimal olunur. Bundan əlavə, yeni versiyanın Sachs amortizatorları alacağı da söylənilir.

Təfərrüatları çox gözləmək lazım gəlməyəcək: idman kupesinin “cəsarətli” versiyası iyulun 23-də Kaliforniya ştatında (ABŞ) keçiriləcək Subiefest festivalında debüt etməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.