Subaru şirkəti yeni nəsil XV yığcam krossoverinin ilk rəsmi təsvirini dərc etmişdir. Yeni krossoverin dünyəvi təqdimat mərasimi mart ayında işinə başlayacaq 87-ci beynəlxalq Cenevrə avtomobil sərgisində keçiriləcəkdir.

Qeyd etmək gərəkdir ki, istehsaçı yeni krossoverin Cenevrədə hansı statusda çıxış edəcəyi barədə dəqiq məlumat vermişdir. Göstəriləcək modelin seriya avtomobili olacağı dəqiqdir. Böyük ehtimalla, İsveçrədə təqdim olunacaq model əvəllər göstərilmiş Subaru XV Concept prototipinin seriya variantı olacaqdır. Xatırladaq ki, bir müddət bundan öncə yapon istehsalçısı Monrealda keçirilən sərgidə Subaru XV concept modelinin yenilənmiş variantı olan Subaru Crosstrek concept avtomobilini nümayiş etdirmişdir. 

Avstraliyanın «CarAdvice» nəşrinin yaydığı məlumata görə, yeni nəsil Subaru XV krossovori İmpreza modeli ilə eyni platformanı bölüşəcəkdir. Avtomobilin yüksək klirensi, kuzovun əlavə müdafiəsini, yeni firma radiator barmaqlığını, işıqdiodlarından hazırlanmış on və arxa fənərləri əldə edəcəyi bildirilir. Çox güman ki, yeni krossoverin salonunda Subaru İmpreza modelindən tanış olan sistemləri də müşahidə etmək mümkün olacaqdır.

Subaru şirkəti Cenevrədə nümayiş etdiriləcək avtomobilin texniki xarakteristikalarını açıqlamamışdır. Yeni Subaru XV modelinin təkmilləşdirilmiş 2,0-litrlik oppozit mühərriki ilə təchiz ediləcəyi ehtimal edilir. Eyni zamanda, avtomobilin dizel və hibrid güc aqreqatlarını əldə edəcəyi də istisna edilmir. Xarici KİV-lərin nümayəndələrinin ehtimallarına görə, Subaru XV krossoverinin yeni nəslinin satışları bu ilin yay aylarında başlamalıdır.