2021-ci ilin payızında hazırkı nəslə keçmiş Subaru WRX sedanı ən yüksək səviyyəli STI versiyasını itirib: məşhur təyinat artıq yalnız STI Sport paketinə malik olan avtomobillər üçün əlçatandır. Yanvar ayında keçirilən Tokyo avtosalonunda Subaru şirkəti STI bölməsi tərəfindən hazırlanmış komponentləri və altı pilləli mexaniki transmissiyanı almış WRX STI Sport# prototipini nümayiş etdirib. İndi isə, bu modelin seriya versiyasına əvvəlcədən sifarişlərin qəbuluna başlanıb. Lakin belə bir avtomobili hər kəs ala bilməyəcək.
Yeni model zahiri cəhətdən digərlərindən amerikan spesifikasiyalı WRX tS modelindəkilərə bənzər tutqun boz rəngli təkər diskləri və STI loqotipləri ilə fərqlənir. Lakin arxa hissədə R-Black Limited STI Performance Edition üslubunda iri arxa antiqanad deyil, yığcam spoyler quraşdırılıb.
Daha kəskin ön splitteri, qara və ya qırmızı rəngli yan ətəklər nəzərdə tutan STI aerodinamik kuzov dəsti əlavə ödəniş qarşılığında əlçatandır. Onu dörd çıxış borusu olan buraxılış sistemi ilə birləşdirmək olar, lakin bu zaman opsional STI Performance Muffler sistemini sifariş etmək mümkün olmayacaq.
Kuzovun boyanması üçün yalnız üç rəng mövcuddur: WR Blue Pearl, Ceramic White və Sunrise Yellow. Qeyd etmək gərəkdir ki, sonuncu rəng üçün əlavə ödəniş tələb olunur.
İnteryerdə diqqəti süni Ultra Süet zamşası və sarı dəlikli sintetik dəri ilə üzlənmiş Recaro oturacaqları çəkir, baş dayaqlarında isə, STI basma-naxışları var. Transmissiyanın dəstəyi və əl əyləci isə, dəri ilə işlənib. Opsiyalar siyahısına STI emblemi olan döşəmə örtükləri və mexaniki qutunun dəstəyinin müxtəlif tərtibat variantları daxildir.
Bundan əlavə, Subaru orijinal WRX S4 sedanının bir sıra xüsusiyyətlərindən imtina edib. Məsələn, çəkini azaltmaq üçün EyeSight X sistemi, yan güzgülərin qatlanması mexanizmi, oturacaqların yaddaş sistemi, arxa cərgə üçün havalandırma deflektorları və işıqlandırılan stəkan tutacaqları avtomobilin avadanlıq siyahısından çıxarılıb.
2,4-litrlik oppozit turbomühərriki standart 275 at qüvvəsi və 350 Nm hasil edir, lakin bir sıra dəyişikliklərə məruz qalıb: dövrlərin daha hamar yığılmasını təmin etmək və qaz pedalının reaksiyasını yaxşılaşdırmaq üçün porşenlər, sürgü qolları, dirsəkli val və nazim-çarx təkmiləşdiriliblər.
Elektron idarələnən amortizatorlar idarəetməni və sabitliyi optimallaşdırmaq üçün xüsusi tənzimləmələri alıblar. Təkmilləşdirilmiş Brembo əyləcləri qızılı rəngli supportlara (ön tərəfdə altı, arxada isə, iki porşenli) və havalandırılan disklərə malikdir, 19-düymlük təkər disklərinə isə, Bridgestone Potenza S007 şinləri taxılıb.
Subaru WRX STI Sport# modeli üçün ən azı 6.105.000 yen (təxminən 38.400 dollar) tələb edilər və bu, modelin Yaponiyadakı ən bahalı versiyasıdır. Məsələn, WRX STI Sport R-Black Limited versiyası 803.000 yen (təxminən 5.100 dollar) ucuzdur.
Dilerlər sifarişləri 9 apreldən 17 maya qədər qəbul edəcəklər və bundan sonra, avtomobilləri almaq hüququ olan 600 müştəri püşkatma nəticəsində müəyyən ediləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









