Subaru şirkəti, "qaynar" avtomobillərin yaradılması ilə məşğul olan Subaru Tecnica International (STI) bölümü tərəfindən hazırlanmış XV Hybrid hetçbekinin xüsusi modifikasiyasını təqdim etmişdir. Yeni modifikasiya idman xarakterli avtomobillərin işarələndiyi "tS" indeksini də əldə etmişdir.
Hetçbek daha sərt xarakteristikalı yaylar və amortizatorlarla, ön dayaqların dartması və kuzovun altındakı dioqanal dirəklərlə, həmçinin yenidən işlənmiş sükan idarəetməsi ilə təchiz edilir. Bundan başqa, hetçbekin təchizatına iki rəngli 17-düymlük orijinal təkər diskləri, ön splitter, narıncı xəttləri olan yeni kandarlar, baqaj bölümünün qapağındakı spoyler, yan güzgülərin qara rəngli gövdələri, qara radiator barmaqlığı, arxa bamperin mərkəzində yerləşdirilmiş buraxılış sisteminin boruları daxildir. Avtomobilin hibrid güc aqreqatı dəyişilməz qalmışdır. Hetçbek 150 at qüvvəli 2,0-litrlik oppozit mühərrik, 13,6 at qüvvəli elektromotor və tutumu 5.5 amper/saat olan nikel-metalhidrid akkumulyatorlarla komplektləşdirilir. Yaponiyada avtomobilin qiyməti 3326400 yen (50140 manat) təşkil edir. Subaru XV Hybrid tS avtomobili standart hibrid modelindən 738 min yen (11180 manat) bahadır.