Bir müddət bundan öncə, Subaru şirkəti özünün ilk seriya elektromobili olan Solterra elektrik krossoverini nümayiş etdirib. Toyota şirkəti ilə birlikdə hazırlanmış elektrik krossoveri 2022-ci ilin ortasında dünya bazarına çıxmalıdır. Gələn ilin yanvar ayında Tokyoda keçiriləcək avtosalonda isə, yapon istehsalçısı Subaru STI E-RA adlı konsept avtomobilini nümayiş etdirəcəkdir. Yeni konsept ilk elektrik STI modelinin nümunəsi olmalıdır.
Subaru STI Concept
Hələlik konsept avtomobilinin yeganə tizeri dərc edilib. Tizerdə yeni nəsil “bərkgedən” Subaru WRX sedanına bənzəməyən avtomobilin bir hissəsi təsvir olunur. Bu isə, öz növbəsində, gələcək STI elektrokarının WRX modelinin elektrik versiyasının olmayacağına işarə edir. Çox güman ki, yeni konsept Subaru Solterra krossoverinin inşa edildiyi e-SGP platformasına əsaslanacaqdır. Konseptin iki elektrik mühərriki ilə təmin edilən tam ötürməyə malik olacağı gözlənilir. Bu barədə ətraflı məlumat daha sonra veriləcəkdir.
Subaru WRX S4 STI performance
Ən güclü Subaru WRX STI sedanının növbəti nəsli isə hələlik hazır deyil. Onun əvəzinə, Tokyo avtosalonunda, seriya avtomobillərinin əsasında hazırlanmış Subaru WRX S4 STI performance və Subaru STI performance konseptlərini göstərəcəklər. Bu konseptlər STI performance çeşidindən olan aksessuarların (spoyler, örtmələr və sairə dekor) geniş siyahısını nümayiş etdirmək üçündür.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.