Subaru tarixi Rex adını verdiyi yeni modelini təqdim edib. Keçən əsrin 70-90-cı illərdə bu adı yığcam hetçbek daşıyıb. Növbəti 30 il ərzində Rex adından istifadə edilməyib və yalnız indi yenidən canlandırılıb.

Lakin yeni Rex artıq hetçbek deyil, yığcam krossoverdir. Əslində, yeni Subaru Rex orijinal model də deyil, o, nişan mühəndisliyinin məhsuludur: yeni Rex Yaponiya bazarında satılan Daihatsu Rocky və Toyota Raize modellərinin əkizidir və onlardan yalnız loqotipləri və nişanları ilə fərqlənir.

Yeni Subaru Rex modeli Toyota şirkətinin DNGA arxitekturasına əsaslanır ki, bu da TNGA platformasının uzunluğu dörd metrə qədər olan avtomobillər üçün nəzərdə tutulmuş versiyasıdır. Hər üç qardaşın - Rex, Rocky və Raiz modellərinin xüsusiyyətləri eynidir: onların uzunluğu 3,99 metr, klirensi - 185 millimetr, baqaj bölməsinin həcmi isə 369 litr təşkil edir.

Subaru ilə Daihatsu və Toyota modelləri arasındakı əsas fərq - hibrid modifikasiyanın və tam ötürmənin olmamasıdır. Subaru markasını daşıyan krossover yalnız 87 at qüvvəsi hasil edən 1,2-litrlik üçsilindrli atmosfer mühərriki və variator ilə təklif ediləcəkdir.

Yaponiyada Subaru Rex modelinin qiymətləri 1,82 ilə 2,171 milyon yen(22 - 26 min manat) arasında dəyişir. Subaru Rex iki təchizat səviyyəsində təklif olunur.

Modelin təchizatına 16 və ya 17 düymlük təkər diskləri, LED fənərlər və duman işıqları, adi və ya elektron dayanacaq əyləci, doqquz düymlük ekranı olan multimedia sistemi və yeddi düymlük cihazlar paneli daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Köməkçi sistemlər siyahısında kor zonalara nəzarət, avtomatik əyləcləmə və yol nişanlarının tanınması sistemləri, habelə adaptiv kruiz-kontrol, hərəkət zolağına nəzarət və parkinq yardımçısı var.

Subaru ayda 150 ədəd Rex modelini satmağı planlaşdırır və modelin Daihatsu aqreqatlarında inşa edilmiş OEM məhsulunun olduğunu vurğulayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.