Subaru WRX sedanı Yaponiyada yeni top versiyaya – STI Sport R modifikasiyasına qovuşub. Model əvvəlki WRX STI nəslindən götürülmüş gücləndirilmiş altı pilləli mexaniki transmissiya və təkmilləşdirilmiş texniki həlləri ilə seçilir. Ən maraqlısı isə bu versiyanın istehsal sayına məhdudiyyət qoyulmamasıdır.

Cari nəsil WRX modeli 2021-ci ildə debüt edərkən Subaru klassik STI versiyasının buraxılmayacağını açıqlamışdı. Mexaniki ötürmələr qutusu ilə təklif olunan xüsusi STI Sport# versiyasının isə cəmi 600 nüsxədə buraxılacağı bildirilmişdi. Bu versiyaya təxminən 9000 sifariş müraciətinin gəlməsi şirkəti yeni modifikasiya hazırlamağa sövq edib.

Beləliklə, WRX STI Sport R meydana çıxıb. Onun əsas yeniliyi əvvəlki nəsil WRX STI-dən götürülmüş TY85 mexaniki ötürmələr qutusudur. Bu transmissiya WRX STI Sport# və WRX tS modellərində istifadə olunan TY75 qutusundan daha dözümlüdür.

Qutunun pillə dəyişmə mexanizmi də təkmilləşdirilib: ötürmə qolunun boş hərəkəti 40% azaldılıb. Rev Sync funksiyası isə aşağı ötürməyə keçərkən mühərrikin dövrlərini avtomatik olaraq uyğunlaşdırır.

2,4-litrlik turbomühərrik əvvəlki kimi 275 at gücü və 375 Nm fırlanma anı hasil edir. Bununla belə, mühərrikin idarəetmə sistemi Super Taikyu yarış seriyasındakı təcrübəyə əsaslanaraq yenidən sazlanıb. Turbinin işi və elektron qaz klapanının idarə olunması optimallaşdırılıb ki, bu da qaz pedalına reaksiyanı yaxşılaşdırmalıdır.

Avtomobil 19-düymlük tutqun boz disklər, Bridgestone Potenza S007 şinləri, qızılı əyləc supportları və STI loqotipi ilə fərqlənir. Opsiyalar arasında arxa spoyler və əlavə kuzov dəsti də var.

Ultrasuede üzlük, qırmızı tikişlər, 12,3-düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin 11,6-düymlük ekranı standart təchizata daxildir. Recaro oturacaqları və Harman/Kardon səs sistemi əlavə ödənişlə təklif olunur.

Texniki təchizata ZF elektron idarə olunan amortizatorları və Brembo əyləc sistemi də daxildir. Ön tərəfdə altı, arxada isə ikiporşenli supportlar quraşdırılıb. Subaru həmçinin EyeSight sürücü köməkçiləri kompleksini mexaniki transmissiyaya uyğunlaşdırıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

WRX STI Sport R modelinin boş kütləsi 1560 kiloqramdır. Yaponiyada sifarişlərin qəbulu noyabrın 19-da başlayacaq. Aylıq satış planı 330 avtomobil təşkil edir, başlanğıc qiyməti isə 5 480 000 yen, təxminən 34 300 dollardır.

STI Sport R Subaru-nun mexaniki ötürmələr qutusu ilə hazırladığı üç yenilikdən biridir. Sonrakı mərhələdə təkmilləşdirilmiş aerodinamikaya malik yüngülləşdirilmiş BRZ kupesi və Impreza əsasında hazırlanacağı ehtimal edilən beşqapılı hetçbek də təqdim olunacaq.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.