Bizim Subaru XV kimi tanıdığımız, ABŞ-da isə Subaru Crosstrek adı ilə satılan krossover yenilənib və yeni mühərrik ilə təchiz edilib. Forester modelindən tanış olan 185 at qüvvəsi və 239 Nm fırlanma anı hasil edən 2,5-litrlik mühərrik Crosstek modelinin mühərrik çeşidinə əlavə edilib. Lakin, bu mühərrik yalnız ən üst versiyalar olan Limited və Sport üçün əlçatandır. Yenilənmiş Crosstrek modelinin satışlarına avqust ayında başlanmalıdır.
Subaru Crosstrek modeli ABŞ-da standart tam ötürmə, dartma vektoruna aktiv nəzarət sistemi və üç güc qurğusu ilə təklif olunur. Baza aqreqatı 154 at qüvvəli 2,0-litrlik atmosfer mühərrikidir. Onu 150 at qüvvəli hybrid güc qurğusu və 185 at qüvvəli 2,5-litrlik oppozit mühərriki təqib edir. Krossoverin başlanğıc versiyası, habelə Crosstrek Premium variantı altı pilləli mexaniki ötürmələr qutusu və ya CVT ilə təchiz edilir. İlk dəfə olaraq təklif edilən Limited və Sport versiyaları isə, yalnız Lineartronic pilləsiz transmissiyası ilə təchiz olunurlar. Variator “mexaniki” rejimdə səkkiz pilləni təqlid edir.
Vizual olaraq yenilənmiş Crosstrek modeli əvvəlkindən fərqlənmir. Əsas dəyişikliklər başqa bamperlərin, duman əleyhinə fənərlərin çərçivələrinin və radiator barmaqlığının quraşdırılmasından ibarət olub. Sport versiyası boz rəngli 17-düymlük təkər diskləri, kuzovun xüsusi dekoru, sarı rəngli tikişləri olan Star Tex sintetikmaterialı ilə üzlənmiş oturacaqları, “ağac” və ya “karbondan” işləmələri ilə seçilir. Subaru Crosstek Sport versiyası isə rəngli displeyi olan marşrut kompyüteri və X-Mode hərəkət rejimləri sisteminin Qar/Çınqıl və Dərin qar/Palçıq profillərini əldə edib.
Crosstek modellərinin standart avadanlıq siyahısına altı hava yastığı, klimat-kontrol, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən 6,5-düymlük ekrana sahib olan Subaru Starlink multimedia sistemi daxildir. Eyni zamanda, variatorlu krossoverlər EyeSight təhlükəsizlik kompleksi ilə təchiz edilir. Bu kompleksə hərəkət zolağına nəzarət funksiyası, təcili əyləcləmə sistemi, yol nişanlarına nəzarət və zolağı dəyişmə köməkçisi daxildir.
Yenilənmiş Subaru Crosstrek modelinin ABŞ bazarındakı satışlarına yayayın sonunda başlanmalıdır. Qiymətlər hələlik açıqlanmayıb.