Bir həftə əvvəl Subaru şirkəti Impreza hetçbekinin yeni nəslini təqdim edəcəyini bildirib. Artıq altı ildir buraxılan modelin varisi gələn həftə Los Ancelesdə işinə başlayacaq avtosalonda debüt etməlidir. Noyabrın əvvəlində yaponlar modelin siluetini qismən göstəriblər, indi isə radiator barmaqlığı, ön fənər və bamperin bir hissəsini nümayiş etdirmək qərarına gəliblər.

Şəkildən göründüyü kimi, Impreza əvvəllər bizə XV kimi tanış olan, indi isə Crosstrek adlanan model ilə bənzər şəkildə yenilənəcəkdir: fənərlər eyni görünsə də, hetçbekin fərqli radiator barmaqlığı və daha təvazökar plastik “dişləri” var.

Subaru, əlbəttə ki, təfərrüatları açıqlamasa da, yeni nəsildə “İmpreza modelinin universallığının, imkanlarının və üslubunun başqa səviyyəyə keçəcəyini” vəd edir. Yenilik 2016-cı ildə Impreza modelində debüt etmiş Subaru Global Platform (SGP) modul platformasının yenidən işlənilmiş versiyasına əsaslanacaqdır. Xatırlatmaq gərəkdir ki, yeni Subaru Crosstrek modeli də eyni arxitekturaya əsaslanır.

Əsas dəyişikliklərin modelin eksteryer və interyer dizaynının yenilənməsi ilə məhdudlaşacağı gözlənilir. Mühərriklərə gəldikdə isə, çox güman ki, Impreza tərkibinə 2,0-litrlik atmosfer mühərriki, variator və elektrik mühərriki daxil olan e-Boxer hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Bununla belə, 2,5-litrlik atmosfer mühərrikinin təklif olunacağı da istisna edilmir.

2024-cü model ilinin Subaru Impreza hetçbeki noyabrın 17-də Los-Anceles avtosalonunda debüt edəcəkdir. Canlı olaraq yayımlanacaq tədbiri amerikalı skeytbordçu və yarış pilotu Baki Lazek və onun qızı Paris Lazek aparacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.