Subaru şirkətinin qlobal ofisi özünün YouTube kanalında hələlik adı məlum olmayan yeni modelin təqdim ediləcəyini bildirən videotizeri yerləşdirib. 15 saniyəlik videoda yeni modelin gündüz hərəkət işıqlarının diod xətti olan ön fənərləri, arxa fənərini və təkər disklərini görmək olar. Dağlıq və qarlı yollarda çəkilmiş görüntülərdə avtomobilin ofroud keyfiyyətlərinə dair işarələr də var. Ola bilsin ki, bu model yeni nəsil Subaru XV krossoveridir.
Subaru şirkəti hələlik yeni modelin adını açıqlamayıb və onu sadəcə olaraq “yeni SUV” adlandırır. Videoda yeni krossoverin detallarından başqa, təqdimat tarixi də göstərilir. Bununla belə, insayderlərdən alınan bəzi məlumatlar, eləcə də brendin model xəttinə baxış, birbaşa XV modelinin yeni nəslinə işarə edir. Yığcam krossoverin cari nəsli artıq beş ildir ki, istehsal edilir. Xatırladaq ki, Subaru bir qayda olaraq, buraxdığı modelləri beş ildən bir yeniləyir.
Bəzi məlumatlara görə, yeni XV (ABŞ-da Crosstrek) krossoveri yeni plagin hibrid güc qurğusu ilə təchiz edilə bilər. Krossoverin modifikasiya çeşidində, artıq 2018-ci ildən bəri buraxılan PHEV versiyası var. Hibrid güc qurğusu iki elektrik mühərriki ilə tamamlanan 137 at qüvvəli 2,0-litrlik oppozit mühərrikinə əsaslanır: elektromotorlardan biri 118 at qüvvəsi hasil edir, ikincisi isə, startyor rolunu oynayır. Elektrik rejimində hibrid krossover 27 kilometr məsafə qət edə bilir.
Bununla belə, XV modelinin sırf elektrik versiyasının nümayiş oluna biləcəyi də istisna edilmir. Xatırladaq ki, bir neçə il ərzində Subaru elektrikləşdirməyə təxminən iki milyard dollar xərcləməyi planlaşdırır. XV elektromobili Solterra elektrik krossoveri üçün hazırlanmış 217 at qüvvəli ikimühərrikli güc qurğusunu da əldə edə bilər. Yeni modelin debütü sentyabrın 15-də baş tutmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.