WRX modeli artıq uzun müddətdir ki, Impreza deyil və hətta bu modellərin nəsil dəyişikləri bir-birindən asılı olmayaraq həyata keçirilir. ABŞ-da təqdim olunun yeni Subaru WRX sedanı Impreza modeli ilə deyil, daha iri Subaru Levorg universalı ilə unifikasiya edilib: hər iki modelin ön hissəsinin dizaynı eynidir. Yeni WRX modeli SGP (Subaru Global Platform) modul platformasına keçib, daha iri ölçülərə və yeni mühərrikə sahib olub.
Yeni platforma kuzovun burulmaya qarşı sərtliyini 28%, asqının bağlanma nöqtələrindəki sərtliyi isə 75% artırmağa imkan verib. Bundan əlavə, avtomobilin ağırlıq mərkəzi aşağı düşüb. Nəsil dəyişikliyi ilə avtomobilin təkər bazası 2650 millimetrdən 2672 millimetrə, ümumi uzunluğu 4595 millimetrdən 4669 millimetrə qədər artıb.
Sedanın eni (1826 millimetr) və hündürlüyü (1468 millimetr) elə də ciddi şəkildə dəyişməyib. Ancaq WRX modeli artıq alüminiumdan hazırlanmış ön qanadlara malikdir ki, yeni qanadlar əvvəlki poladdan hazırlanmış analoqlarından 2,3 kiloqram yüngüldürlər. Bundan başqa təkər tağlarında plastikdən örtmələr peyda olub.
İki litrlik turbomühərrikin yerini turbokompressoru və bərabərləşdirici klapanın elektron idarəetməsi olan yeni 2.4-litrlik FA24 oppozit mühərriki tutub. Belə mühərriklər artıq Amerikada satılan Legacy, Outback və Ascent modellərində quraşdırılır.
Yeni WRX sedanında bu mühərrik 275 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edir. Eyni zamanda, mühərrikin maksimal fırlanma anı 2,0-litrlik mühərrikdə olduğu kimi 2400 dövr/dəqiqədə deyil, 2000 dövr/dəqiqədə əlçatandır.
Sedanın baza versiyası altı pilləli mexaniki transmissiya ilə təchiz olunur. Alternativ kimi, Lineatronic variatorunun ciddi şəkildə təkmilləşdirilmiş versiyası olan Subaru Performance Transmission variatoru təklif edilir.
Variatorun güc diapazonu genişləndirilib, indi transmissiya hərəkət şəraitindən asılı olaraq ötürmə nisbətini daha yeyin dəyişir. Səkkiz “sabit” pillələr də yenidən nəzərdən keçiriliblər (ötürmələri etmək üçün sükanaltı ləçəklər nəzərdə tutulub).
Transmissiya siyasəti dəyişməyib. Mexaniki qutulu sedanlar, viskomufta tərəfindən kilidlənən simmetrik konusşəkilli mərkəzi differensialı olan daimi tam ötürmə sistemi ilə təchiz edilirlər. Variatoru olan sedanlar isə, VTD AWD (Variable Torque Distribution) transmissiyası ilə təchiz olunurlar: silindrik mərkəz differensial fırlanma anını ön və arxa oxlar arasında 45:55 nisbətində paylayır.
Kilidlənməyə isə, viskomuftanın əvəzinə elektron idarəetməli friksionlar paketi cavabdehdir. Si-Drive (qaz pedalına reaksiyanı dəyişir) və Active Torque Vectoring (əyləclərin köməyi ilə dartma vektorunu dəyişir) elektron sistemləri qorunub saxlanılıb.
Şassi arxitekturası (öndə McPherson, arxada ikiqat köndələn qollar) dəyişməyib, lakin SGP platforması təkərlərin artan gedişi olan fərqli asqı həndəsəsinə malikdir. Arxa köndələn dayanıqlılıq stabilizatoru artıq alt çərçivəyə deyil, birbaşa kuzova bağlanılır.
Sükanın elektrik gücləndiricisi artıq valda deyil, reykada quraşdırılır: belə konstruksiya mexanizmi daha dəqiq etməyə və reaksiya müddətini azaltmağa imkanı verib. Alıcılara 17 və ya 18 düymlük təkər diskləri arasından seçim etmək şansı verilir.
Modifikasiya çeşidinin zirvəsində əsas xüsusiyyətləri elektron idarəolunan amortizatorlar (əvvəllər ümumiyyətlə təklif edilmirdi), habelə mühərrikin, variatorun, asqının və sükan idarəetməsinin tənzimləmələri ilə fərqlənən idarəetmə rejimləri (Comfort, Normal, Sport) sistemi olan Subaru WRX GT top versiyası durur.
Yeni Subaru WRX sedanının interyeri Levorg modelindəki ilə eynidir, lakin ön paneldə iri displeyin əvəzinə klassik analoq cihazlar paneli quraşdırılır. 11,6-düymlük şaquli ekrana malik olan Starlink mediasistemi standart təchizata daxildir: “musiqi”, naviqasiya, iqlimə nəzarət sistemi və avtomobilin ikinci dərəcəli tənzimləmələrinin idarə edilməsi ekrandan həyata keçirilsə də, yan tərəfdəki “qaynar” düymələr və şaybalar saxlanılıb.
GT versiyasında elektriklə tənizmlənən Recaro ön oturacaqları quraşdırılır. WRX sedanı tərkibinə adaptiv kruiz-kontrol, avtomatik əyləcləmə və zolaqda saxlama sistemlərini özündə birləşdirən stereokameralı EyeSight kompleksinin ən qabaqcıl versiyası ilə təchiz edilir.
Yeni nəsil Subaru WRX sedanı 2022-ci ilin əvvəlində Amerika bazarında satışa çıxarılacaqdır. Avtomobilin digər bazarlarda satılacaq versiyaları barədə məlumat daha sonra açıqlanacaqdır. Yeni WRX modeli Yaponiyada istehsal ediləcəkdir
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.