WTCC çempionatında ROAL Motorsport komandasnın şərəfini qoruyan Tom Koronel Almaniya Qran Prisinin sıralanma turunda 3-cü nəticəni göstərməklə yanaşı, həm də FİA tərəfindən böyük məbləğdə cərimə “qazanıb” – sürücü avtomobili idarə edərkən mobil telefondan istifadə edibmiş. F-1.az saytının yaydığı xəbərə görə, dünən Tom Dünya Turinq çempionatının Nürburqrinqdə növbəti mərhələsinin sıralanma turunda Citroen-in zavod komandasının sürücüləri Xose Mariya Lopes və İvan Müllerdən sonra 3-cü nəticə göstərib. Uzunluğu 22 km olan əfsanəvi trasda hollandiyalı sürücü sonuncu dünya çempionu Lopesə cəmi 4.5 saniyə uduzub.
Finiş xəttini keçdikdən sonra Koronel yanında olan smartfonla sosial şəbəklərdən birində azarkşeləri üçün canlı videoyayım təşkil edib və onları sıralanma turunun nəticələri ilə tanış edib.
Çempionatın qaydalarına görə, mobil telefonun maşında olması qaydalara zidd deyil, amma stüardlar hollandiyalı sürücünün telefondan maşını idarə edərkən istifadəsinə diqqət yetiriblər – eyni zamanda həm avtomobil idarə etmək, həm də telefondan istifadə etməyə görə, hakimlər sürücünü 5000 Avro cərimə ediblər. Tom bu məbləği iki gün ərzində FİA-ya ödəməlidir.
Hakimlərin qərarında deyilir: “Sıralanma turunun sonunda sürücü avtomobili idarə edərkən mobil telefondan istifadə edib. Bu hərəkət FİA-nın imicinə ziddir və Beynəlxalq idman Kodeksinin 12.1.1c və 12.1.1d maddələrinin pozulmasıdır. Bundan başqa, bu hərəkət yarış rəhbərliyinin tələblərinin pozulmasıdır”.
Koronel üçün 5000 Avro böyük məbləğ olduğuna görə, sürücü elə sosial şəbəkəsi vasitəsilə azarkeşlərinə maddi yardım üçün müraciət ünvanlayıb: “Kömək edin! FİA məni 5000 Avro cərimə edib.
Əlbəttə, mən hər şeyi başa düşürəm, amma bu məbləğ mənim üçün çox böyükdür. Mən Nürburqrinqdə stüardlara ödəməli olduğum məbləğin toplanması üçün kampaniya elan etmək istəyirəm. Maraqlıdır ki, Almaniyada sükan arxasında telefondan istifadəyə görə 60 Avro, Hollandiyada isə 230 Avrpo cərimə tətbiq olunur…
Baxaq görək, nə qədər pul toplaya bilirik. Sadəcə azarkeşlərimdən kömək istəyirəm… cəmi bircə dəfə…”
Mənbə: F-1.az