Mixael Şumaxerin meneceri Sabina Kem yeddiqat dünya çempionunun yenidən yeridiyi barədə yayılan şayiələri «məsuliyyətsiz» və faktiki olaraq düzgün olmadığını bəyan edib. Almaniyanın məşhurları barədə yazan Bunte jurnalı özünün ilk səhifəsində çəkisi ciddi azalmış Şumaxerin terapiyasının kifayət qədər uğurlu olduduğunu, onun əlini qaldıra bildiyini və terapevtin yardımı ilə addım atdığını, həmçinin gələcəkdə yenidən yeriyə biləcəyi barədə məqalə dərc etmişdir. Lakin Şumaxerin meneceri Sabina Kehm yazılanların həqiqətə uyğun olmadığını, alman pilotun çoxsaylı azarkeşlərinə yalan ümidlər verildiyini və belə hərəkətlərin yolverilməz olduğunu bildirmişdir.
«Təəssüf olsun ki, Mixaelin gəzə bildiyi haqqında mətbuat tərəfindən dərc olunmuş iddiaların həqiqətə uyğun olmadığını bildirmək məcburiyyətindəyik» - deyən xanım Kehm mətbuata açıqlama vermişdir. «Belə spekulyasiyalar məsuliyyətsizlikdən başqa bir şey deyil. Zədənin ciddiliyini nəzərə alaraq, Mixaelin şəxsi həyatının məxfiliyinin onun üçün çox vacib olduğunu bildirmək istərdim. Təəssüf ki, onlar (Bunte jurnalı -red.) maraqlı olan insanlara yalan ümidlər verirlər».
Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransada dağ kurortlarının birində xizək sürərkən qəza nəticəsində başından ciddi xəsarət almış və həyatını qorunması üçün uzun müddət süni komada saxlanılmışdı. Onun reabilitasiyasını davam etdirmək məqsədilə və vəziyyətinin məxfi saxlanılması üçün, ötən ilin iyununda ailəsi tərəfindən pilot İsveçrədəki malikanəsinə köçürülmüşdür. Bu müddət ərzində yeddiqat çempionun müalicəsinin gedişatı barədə heç bir rəsmi açıqlama verilməmişdir.