Süni intellektə artan tələbat avtomobil istehsalçıları üçün yeni problem yaradır. Çip istehsalçıları daha gəlirli süni intellekt layihələrinə üstünlük verirlər və bu, avtomobillərdə istifadə olunan adi yarımkeçiricilərin istehsalının azalmasına gətirib çıxarır. Nəticədə avtomobil sənayesi yeni çip böhranı ilə üzləşə bilər.

Niderlandın Nexperia şirkətinin baş direktoru Stefan Tilger Reuters agentliyinə yarımkeçirici istehsalçılarının öz güclərini avtomobil və sənaye elektronikası üçün nəzərdə tutulan komponentlərdən daha çox süni intellekt məlumat mərkəzlərində istifadə edilən çiplərə yönələtdiklərini bildirib. Onun sözlərinə görə, avtomobil sənayesi bu tendensiyadan artıq ciddi zərər görür.

İsveçrənin STMicroelectronics şirkətinin rəhbəri Jan-Mark Şeri də eyni tendensiyanı təsdiqləyib. Onun bildirdiyinə görə, çip istehsal edən müəssisələr ənənəvi avtomobil və sənaye sifarişlərindən getdikcə uzaqlaşırlar. Təchizat zəncirinə əlavə təzyiq yaradan digər amil isə robot texnologiyalarının sürətlə inkişaf etməsidir.

Maraqlıdır ki, problem təkcə Nvidia kimi şirkətlərin süni intellekt prosessorlarına olan tələbat ilə bağlı deyil. Əsas çatışmazlıq avtomobillərdə istifadə olunan sadə yarımkeçiricilərin istehsalında yaranır. Başqa sözlə, süni intellekt bumunun təsiri çip bazarının daha geniş təchizat zəncirinə yayılır.

Bunun nəticələri artıq avtomobil təchizatçılarının maliyyə hesabatlarında görünür. BYD, BMW və Ford kimi istehsalçılara sensorlar, kameralar və elektron komponentlər tədarük edən Almaniyanın Aumovio şirkəti çiplərin qiymətinin artdığı barədə xəbərdarlıq edib. Şirkət bu xərclərin gələn il daha da kəskin yüksələcəyini gözləyir.

Aumovio-nun maliyyə rəhbəri vəzifəsini müvəqqəti icra edən Klaus Bauer qiymət artımının əsas səbəbi kimi süni intellekt məlumat mərkəzlərini göstərib. Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən şirkətlər qiymətə həssas yanaşmır və təchizatçılar mövcud istehsal güclərinin iki qatı həcmində sifariş qəbul edə bilərlər. Bu isə avtomobil sənayesinin çip uğrunda rəqabətdə mövqeyini zəiflədir.

Xatırladaq ki, pandemiya dövründə yarımkeçirici çatışmazlığı avtomobil istehsalçılarının zavodları dayandırmasına, bəzi modelləri isə elektron funksiyalar olmadan istehsal etməsinə səbəb olmuşdu. İndi oxşar təhlükə yenidən gündəmə gəlir.

Hələlik yeni böhranın pandemiya dövründəki miqyasına çatıb-çatmayacağı bəlli deyil, lakin süni intellektə yönələn investisiyalar avtomobil sənayesinin çip təchizatını getdikcə çətinləşdirir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.