Bu həftəsonu DTM çempionatının Hokkenhaymrinqdə keçiriləcək son iki yarışı 2017-ci il mövsümünün qalibini müəyyən etməlidir. Alman turinq çempionatında altı pilot titulu qazanmaq şansına malikdir.

Məlumdur ki, cümə günü ilk sərbəst yürüşlər keçirilir. Lakin, bu günki sərbəst yürüşlərdə tamaşaçılar sürprizlə qarşılaşıblar.  Məlumdur ki, Yaponiyada keçirilən Super GT çempionatında iştirak edən Lexus LC500, Nissan GT-R və Honda NSX avtomobilləri texniki cəhətdən DTM avtomobilləri ilə bənzərlik daşıyırlar. Bu gün Hokkenhaymrinqə gələnlər ilk dəfə iki yapon yarış avtomobilinin testlərinə şahid olublar. 

Formula 1 azarkeşlərinin yaxşı tanıdığı Heykki Kovalaynen Lexus LC500 birinci olaraq trekə çıxarıb. Onun ardınca italyan pilot Ronni Kuintarellinin idarə etdiyi Nissan GT-R avtomobili Hokkenhaymdakı testlərə başlayıb. Bildirmək lazımdır ki, bu testlər sadəcə şou xatirinə həyata keçirilmir - hər iki yapon avtomobili bu həftə keçiriləcək yarışlarda da bilavasitə iştirak edəcəkdir. 

«Bu testlər Super GT avtomobillərinin cəlbediliciyini göstərmək üçün əla imkandır, - deyə Kovalaynen bildirib. - Bu mənim Formula 1 çempionatını tərk etdikdən sonra Avropadakı trekə ilk qayıdışımdır. DTM həqiqətən Yaponiyada tanınandır və bizim seriya ilə ümumi cəhətlərə malikdir. Çox həyəcanverici hadisə olacaqdır». 

Lexus LC500

2004-cü ildə Yaponiyanın Formula 3 çempionatının qalibi olmuş 38 yaşlı Ronni Kuintarelli də Hokkenhaymdakı iştirakından məmnundur: «Nissan markasını Hokkenhaymrinqdə təmsil etmək mənim üçün böyük şərəfdir. Super GT əla çempionatdır. Artıq bizim də avtomobillərimizi Avropada nümayiş etdirmək şansımız vardır». 

Xatırlatmaq lazımdır ki, Mercedes komandasının çempionatı tərk etməsindən sonra seriyanın rəhbərliyi DTM çempionatının digər istehsalçılar üçün cəlbediciliyini artırmaq məqsədi ilə əlindən gələni etməyə çalışır.  Çox güman ki, Gerhard berger yapon istehsalçılarını öz çempionatıda görmək istəyir.

Nissan GT-R