Porsche şirkəti 911 sportkarının 60 illik yubileyini təntənəli şəkildə qeyd etməyə davam edir. Əlamətdar hadisənin şərəfinə əfsanəvi sportkarın yeni versiyası - 911 S/T hazırlanıb. Bu sportkar avtomobildən filtrsiz əks əlaqəni gözləyən və “əsl sürücülük həzzinə” can atan şəxslərə ünvanlanıb. Buna sadə bir yolla nail olunub: Vaysaxdan olan mühəndislər 911 GT3 Touring və 911 GT3 RS modellərində tətbiq olunan ən yaxşı həlləri götürüblər və onları 992 nəslinin ən yüngül modelində cəmləşdiriblər.
CFRP plastikdən hazırlanmış kuzov panellərinin və yüngülçəkili komponentlərin tətbiqi 911 S/T modelinin çəkisini 1380 kiloqrama endirib ki, bu da mexaniki transmissiyalı 911 GT3 Touring sportkarında olduğundan 40 kiloqram azdır.
911 GT3 RS modelindən götürülmüş 4,0-litrlik altısilindrli oppozit (525 at qüvvəsi, 465 Nm) mühərriki və qısaldılmış ötürmə nisbətləri olan mexaniki transmissiya ilə birlikdə avtomobilə görünməmiş kəskinlik və həssaslıq verir.
911 S/T sportkarının 100 km/saat həddinə sürətlənməsi 3,7 saniyə çəkir (911 GT3 RS sportkarı PDK ilə - 3,2 saniyə). Superyüngül kupenin maksimal sürəti 300 km/saatdır.
Sportkarın təchizatı da özünəməxsusdur. Təkər diskləri maqneziumdan, əyləclər isə PCCB karbon-keramikasından hazırlanır. 911 S/T standart olaraq yüngül şüşə və akkumulyator təchiz edilir.
Üstəlik, o, 911 ailəsinin ikiqat köndələn qolları olan ön asqı, çoxqollu arxa asqı ilə təchiz edilmiş yeganə üzvüdür. Standart olaraq, salonda idman oturacaqları quraşdırılıb, lakin onları heç bir ödəniş etmədən tənzimlənən Sports Seat Plus ilə əvəzləmək olar.
Sportkar üçün eksklüziv Heritage Design paketi nəzərdə tutulub. Bu paketə kuzovun yeni Shoreblue Metallic rəngi, Ceramica rəngində təkər diskləri, yarış qrafikası və klassik loqotiplər daxildir.
İnteryerin tərtibatında Black/Classic Cognac yarımanilin dərisindən, dəlikli Dinamica mikrofiberindən və Porsche Exclusive Manufaktur kataloqundakı aksesuarlardan istifadə edilir.
Bundan əlavə, hər bir 911 S/T alıcısına göstəriciləri sıfırlamağa və xronoqrafı dayandırmadan yeni ölçmə dövrünə başlamağa imkan verən flyback funksiyasına malik olan titandan hazırlanmış Porsche Design WERK 01.240 saatı təqdim ediləcəkdir.
Superyüngül kupenin tirajı 1963 nüsxədən ibarət olacaq - bu, ilk Porsche 911 modelinin təqdimat ilinə işarədir. Porsche 911 S/T sportkarının Avropadakı satış qiyməti 292 min avrodan başlayır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.