Kanadanın Alberta vilayətində Tesla avtopilotu ilə bağlı maraqlı hadisə yaşanıb. Elektrokarın sürücü və sərnişini yatmağa qərar veriblər, nəzarətsiz qalan avtopilot isə, 150 km/saata qədər sürətlənib. Bu, digər sürücülərin diqqətini çəkib. Hadisə barədə Kanadanın Kral Atlı Polisinin saytında yazılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sürət həddini pozaraq 140 km/saat çox sürətlə hərəkət edən Tesla Model S elektrokarı haqqında məlumat alıblar. Şahidlər, hər iki ön oturacağın mümkün qədər geri çəkildiyini, sürücü və sərnişinin böyük ehtimalla, yuxuladığını bildiriblər.
Polis elektromobilin yerini müəyyənləşdirərək onu təqib etməyə başlayıblar. Elektrokara çatan polis avtomobili sirenanı yandırdıqda, Model S qəfildən sürətlənməyə başlayıb və 150 km/saat həddinə çatıb.
Polislər elektrokarı ötərək onun sahibini yuxudan oyatmağa müvəffəq olublar. Sükan arxasında Britaniya Kolumbiyası əyalətinin 20 yaşlı sakini olduğu aşkar edilib. Ona sürət həddini pozduğuna görə cərimə yazılıb və bir gün avtomobil sürməsi qadağan edilib.
Bununla birlikdə, hadisənin daha ətraflı araşdırılmasından sonra, kanadalını təhlükəli idaəetmədə ittiham ediblər. İş üzrə məhkəmə iclası bu ilin dekabrına təyin edilib.