Suzuki şirkəti Across krossoverini təqdim edib. Yeni krossover eksteryer dizaynı bir qədər dəyişdirilmiş yeni Toyota RAV4 modelidir. Suzuki Across modeli Toyota şirkətinin Yaponiyadakı zavodunda RAV4 modeli ilə birlikdə istehsal ediləcəkdir. Suzuki Across krossoverinin əsas satış bazarı Avropa olacaqdır.
Suzuki Across modelinin xarici görkəmi Toyota RAV4 modelindən bir qədər fərqlidir: krossoverlərin yalnız arxa dizaynı eynidır. Across modelinin ön tərəfinin dizaynı isə, Çin bazarı üçün hazırlanmış Toyota Wildlander modelini təkrarlayır. Suzuki Across modelinin yalnız ön bamperi tamamilə orijinaldır: Suzuki krossoverində hava girişlərinin sahəsi böyüdülüb və qoruyucu örtüklər başqa şəkildə tərtib ediliblər.
Texniki cəhətdən Suzuki Across krossoveri Toyota RAV4 PHEV qoşulan hibridini təkrarlayır. Güc qurğusu 178 at qüvvəsi və 219 Nm fırlanma anına malik olan 2,5-litrlik atmosfer mühərrikdən, habelə 182 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edən elektrik mühərrikindən, elektromexaniki variatordan və 18,1 kilovat-saatlıq dartma batareyasından ibarətdir.
Güc qurğusunun ümumi hasilatı 306 at qüvvəsi təşkil edir. Elektrik ötürməsi ilə krossover 75 kilometr (WLTP) qət edir. Suzuki Across 100 km/saat həddini toplamağa altı saniyə sərf edir. Tam ötürmə sistemi elektriklidir: ön təkərlər sürüşməsi halında 54 at qüvvəli (121 Nm) elektrik mühərriki arxa oxu qoşur.
Suzuki markası altında buraxılan Toyota RAV4 modelinin debütü yapon şirkətlərinin əməkdaşlığının nəticəsidir. 2019-cu ildə Toyota və Suzuki bir-birlərinin modellərini "klonlaşdırmaq" və səhmlər mübadiləsi barədə razılıq əldə etmişdilər. Toyota Suzuki Vitara Brezza subkompakt krossoveri, Ciaz büdcə sedanı, Baleno hetçbeki və Ertiga kompaktveni ilə Hindistan və Afrika bazarlarına çıxa bilib və buna cavab olaraq, Suzuki RAV4 və Corolla Touring hibridlərini Avropada öz markası altında sata biləcəkdir.
Suzuki Across modelinin Avropadakı satış qiymətləri daha sonra açıqlanacaqdır. Yeni krossoverin satışlarına payızda başlanacaqdır, Şərqi Avropa ölkələri modelin əsas bazarlarına çevriləcəkdirlər. Gələcəkdə Suzuki Across krossoverinin Toyota şirkətinin 218-222 at qüvvəsinə malik olan mülayim hibrid güc qurğusunu almaq ehtimalı da vardır.