Suzuki şirkəti Ignis adını tamamilə yeni formatda geri qaytarır. Üçüncü nəsil model artıq elektromobilidir. O, Avropa və digər bazarlarda 2027-ci ilin yayından satışa çıxacaq. Yeni Ignis markanın qlobal bazarlar üçün hazırladığı ilk kompakt elektromobilidir.

Avtomobil Yaponiyada təqdim edilən e-Sky modelinə bənzəsə də, beynəlxalq bazarlar üçün ölçüləri böyüdülüb. Onun uzunluğu 3570, eni - 1565, hündürlüyü isə 1635 millimetrdir. Təkər bazası 2460 millimetr təşkil edir. Dörd nəfərlik salonu olan Ignis cəmi 4,5 metrlik dönmə radiusu ilə dar şəhər küçələri və parklanma yerləri üçün nəzərdə tutulub.

Yeni model HEARTECT-e adlı xüsusi elektrik platformasında inşa edilib. Döşəmənin altında yerləşən 26 kVt· saatlıq litium-dəmir-fosfat (LFP) batareyası kompakt və yüngül konstruksiyanın əsas hissəsidir. Ön oxu hərəkətə gətirən elektrik mühərriki 90 at gücü və 133 Nm fırlanma anı hasil edir.

Suzuki yeni Ignis-in rəsmi yürüş ehtiyatını hələlik açıqlamayıb. Yaponiyada satışa çıxacaq e-Sky modeli üçün 310 kilometrədək yürüş hədəfi göstərilsə də, bu rəqəm Ignis-in Avropa versiyası üçün təsdiqlənmiş göstərici deyil. Avtomobilin çəkisi də dəqiqləşdirilməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dizaynda əvvəlki Ignis-in qutu formalı silueti və kompakt şəhər avtomobili xarakteri qorunub. Süzən dam, axıcı çiyin xətti və rəqəmlərdən ilhamlanan ön və arxa LED işıqları yeni modelin fərqləndirici elementləridir. Salonda geniş ekran, rəqəmsal cihazlar paneli və gündəlik istifadə üçün praktik saxlama bölmələri yer alır.

Suzuki elektrik Ignis-in asqı sistemini xüsusi olaraq yeni platforma üçün hazırlayıb. Regenerativ-hidravlik əyləc sistemi, elektrik əyləc gücləndiricisi və enerjinin bərpasını optimallaşdıran texnologiyalar sürücünün elektromobilə keçidini asanlaşdırmalıdır. Məlum məsələdir ki, qiymətlər və yekun texniki göstəricilər satışların başlanmasına yaxın zamanda açıqlanacaqlar.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.