İkisi bir arada dedikdə nə yadınıza düşür? Çox güman ki, gözününzün qarşısında canlanacaq ilk şey saç şampunu olacaqdır. Lakin, Suzuki şirkətinin 20 oktyabr tarixində Tokyo avtosalonunda nümayiş etdirmək üçün hazırladığı yeni konsept də bu qəbildən olan bir əşyadir. Waku Spo adlı konsept eyni zamanda həm kupedir, həm də universal.
Zahiri cəhətdən konsept keçən əsrin 60-70-ci illərində “Çdoğan günəşin” ölkəsində populyar olan kvadrat formalı kiçik litrajlı avtomobilləri xatırladır. Retro üslubunu bir qədər də gücləndirmək üçün, yaponlar əvvəlki avtomobillərdə olduğu kimi, ön qanadlarda arxa görüntü güzgülərini də quraşdırıblar. Yeganə fərq bu güzgülərin kameralardan ibarət olmasıdır.
Adi halda avtomobil iki tam və iki “yarımçıq” qapısı olan kupeyə bənzəyir. Bu “yarımçıq” qapılar hərəkət istiqamətinin əksinə açılaraq sərnişinlərin arxa cərgəyə giriş-çıxışını asanlaşdırır. Yox, əgər avtomobilin sahibinə yükləri daşımaq gərək olarsa, o zaman avtomobili universala çevirmək olar. Bunun üçün arxa dayaqlardan sonra şüşə panel quraşdırılıb ki, onu geri çəkərək baqajı genişləndirmək mümkündür. Məlum məsələdir ki, arxa cərgəni də hərəkət edirmək olar.
Avtomobilin salonu minimalizm üslubundadır. Burada qəhvəyi-boz rəngli tərtibata və mərkəzi konsolda quraşdırılmış bir neçə düyməyə rast gəlmək olar. Buna baxmayaraq, ön paneldə üç displey mövcuddur. Onlardan ikisini taxta panel ilə bağlayaraq, gözönündə yalnız cihazlar panelini saxlamaq olar. Yaponlar belə transformasiyanın Waku Spo’nu həm gənclər, həm də daha yaşlı kateqoriya üçün cəlbedici edəcəyini düşünürlər.
Konseptin texniki hissəsi barədə ətraflı məlumat verilməyib. Yeganə məlum olan konseptin qoşulan hibrid güc aqreqatı və tam ötürmə ilə təchiz edildiyidir.