Bu qeyri-adi avtomobilin debütü bu gün İtaliyada keçirilib. İş ondadır ki, bu avtomobilin yaradılmasında Suzuki şirkəti iştirak etməyib. Yapon markası yalnız Misano layihəsinin əsas texniki tərəfdaşı kimi çıxış edib.
Misano spidsteri Turində yerləşən Avropa Dizayn İnstitutunun (IED - Istituto Europeo di Design) layihəsidir. Suzuki ilə yanaşı, layihənin sponsorları Pirelli və OZ Racing şirkətləri olublar. Avtomobilin inşası ilə Almaniyanın EDAG konstruktor bürosu və İtaliyanın Torino Crea Engineering firması birbaşa iştirak ediblər.
Suzuki Misano spidsteri sportbaykı ilə yarış avtomobilini calaq etməyin növbəti cəhdidir. Layihənin üzərində məşhur avtomobil dizayneri Ceyms Houpun rəhbərlik etdiyi IED institutunun iyirmi dörd tələbəsindən ibarət olan qrup çalışıb.
Qeyd etmək gərəkdir ki, tələbələrin xəyalları ciddi texniki tələblərlə məhdudlaşdırılmayıb. Buna görə də, dördtəkərli prototip avtomobil nisbətlərinə (uzunluğu - dörd metr) və oturacaqların qeyri-adi konfiqurasiyasına malik olan kuzova sahibdir.
İki oturacaq motosiklet üslubunda bir-birinin ardınca yerləşir, lakin onlar avtomobilin mərkəz xətti boyunca deyil, sol tərəfdə quraşdırılıblar. Onlardan sağda dartma batareyası yerləşir. Sürücünün qarşısında istifadə rahatlığı şübhə doğuran motosiklet sükanı var.
Bununla birlikdə, Suzuki Misano sadəcə dizayner eksperimentidir. Onun yaradıcıları elektrik mühərrikinin gücünü və avtomobilin digər xüsusiyyətlərini açıqlamırlar.
Belə bir idman avtomobili Suzuki model xəttində əlbəttə ki, peyda olmayacaqdır. İnşa edilmiş yeganə nüsxə isə, 15 may tarixində Turin Milli Avtomobil Muzeyində sərgilənəcəkdir.