1997-ci ildən 2017-ci ilə qədər Grand Vitara adını uzununa mühərriki və azaldıcı cərgəsi olan tam ölçülü ofrouderlər daşıyırdılar, lakin artıq Suzuki bu konsepsiyadan imtina edib. 2014-cü ildə Vitara adı adi krossoverə verilib və bu avtomobillər bu günə qədər Macarıstanda istehsal edilirlər. Bu gün isə, yeni Suzuki Grand Vitara modeli təqdim olunub - və bu, Vitara modelinin əvəzi deyil, onun Hindistan və Afrika bazarları üçün nəzərdə tutulmuş təkmilləşdirilmiş və böyüdülmüş versiyasıdır.
Yeni krossover Toyota şirkətinin iştirakı ilə hazırlanıb və onun Toyota markası altında buraxılan əkizi - Toyota Urban Cruiser Hyryder modeli iyulun 1-də debüt edib. Suzuki Grand Vitara ondan yalnız ön və arxa hissənin dizaynı, digər təkər diskləri, interyer dekoru və avadanlıq nüansları ilə fərqlənir. Qeyd etmək gərəkdir ki, Suzuki şirkətinin bu layihəyə verdiyi töhfə daha böyükdür, çünki Global C platforması (yarımüstəqil arxa asqı ilə), kuzovun güc strukturu və baza güc qurğusu orijinal Vitara modelindəki ilə eynidir.
Bənzərliklər nisbətlərdə, qapıların formasında və bəzi elementlərdə özünü biruzə verir. Bununla belə, bütün xarici kuzov panelləri yenidir. Təkər bazası 2500-dən 2600 millimetrə qədər uzadılıb. Krossoverin uzunluğu 4345 milimetr, eni -1795 millimetr, hündürlüyü isə 1645 millimetrdir. Beləliklə, yeni model orijinal Vitara krossoverindən 170 millimetr uzun, 20 millimetr enli və 35 millimetr hündürdür. Grand Vitara modelinin standart təchizatına halogen fənərlər, LED gündüz hərəkət işıqları və 17-düymlük polad disklər daxildir. Bahalı versiyalar tamamilə LED işıq texnikasını, 17-düymlük yüngül lehimli təkər disklərini və ikirəngli kuzovu ilə alacaqlar. Arxa işıqlar, qohum Toyota modelindən fərqli olaraq, işıqlanan LED zolaq ilə birləşdiriliblər.
Beş nəfərlik salonun tərtibatında Hindistanın Maruti Suzuki modellərindən götürülmüş bir çox elementə, o cümlədən sükan çarxına, klimt-kontrolun idarəetmə blokuna (artıq standart avadanlıqdır) və bəzi düymələrə rast gəlmək olar. Baza versiyasının təchizatına iki təhlükəsizlik yastığı, ESP, sadə audiosistem, açarsız giriş, mühərriki işə salma düyməsi, arxa parkinq sensorları və sairə daxildir.
Standart mediasistemi yeddi düymlük ekrana malikdır, daha bahalı versiyalarda isə, doqquz düymlük ekran və Arkamys səs sistemiquraşdırılır. Opsiyalar siyahısında altı təhlükəsizlik yastığı, virtual cihazlar (7 düymlük ekran) paneli, proyeksiya displeyi, panoram dam, dairəvi müşahidə kameraları, dəri salon və ön oturacaqların havalandırması var.
Grand Vitara modelinin baza versiyası 103 at qüvvəsi və 137 Nm fırlanma anı hasil edən 1,5-litrlik Suzuki K15C benzin atmosfer mühərriki ilə təchiz edilir. Krossover standart olaraq 12 voltluq starter-generator və 6 amper-saatlıq litium-ion batareyası ilə təchiz edilir ki, bu da tərtibatçılara belə krossoveri “yumşaq” hibrid adlandırmağa imkan verir. Güc aqreqatı beş pilləli mexaniki və ya altı pilləli “avtomat” ilə təchiz edilə bilər. Üç pedallı krossoverləri arxa oxda muftası və dörd hərəkət rejimi (Auto, Sport, Snow və Lock) olan All-Grip tam ötürmə sistemi ilə sifariş etmək olar.
Alternativ kimi, tamölçülü hibrid təklif olunur. Bu hibridin yaradılmasında Toyota şirkətinin birbaşa iştirak edib. Buradakı güc qurğusu Yaris və Yaris Cross modellərindəki ilə demək olar ki, eynidir. 1,5-litrlik M15A atmosfer mühərriki Atkinson qənaət dövrü ilə işləyir, 14:1 həndəsi sıxılma əmsalına və 40 faizlik istilik səmərələliyinə malikdir. Hibrid qurğunun hasilatı 92 at qüvvəsi və 122 Nm təşkil edir. Onunla tandemdə 80 at qüvvəsi və 141 Nm hasil edən elektrik mühərriki, elektromexaniki variator çalışır. Hibrid sistemi ümumi hasilatı 115 at qüvvəsidir. Lakin ötürmə yalnız ön oxadır. Litium-ion batareyasının tutumu elektrik rejimində 25 kilometrlik yürüyüşə kifayət etməlidir. Elektrik şəbəkəsinə qoşulma nəzərdə tutulmayıb.
Suzuki Grand Vitara və Toyota Urban Cruiser Hyryder modelləri Hindistan bazarında avqust ayında satışa çıxacaqlar. Burada onlar Hyundai Creta, Kia Seltos, Skoda Kushaq və Volkswagen Taigun modelləri ilə rəqabət aparacaqlar. Toyota və Suzuki krossoverlərinin ən vacib rəqabət üstünlüyü isə, tam ötürmənin olmasıdır: Hindistanda adı çəkilən modellərdə belə ötürmə yoxdur. Suzuki Grand Vitara və Toyota Urban Hyryder modelləri Hindistandakı Toyota Kirloskar birgə müəssisəsində eyni konveyerdə buraxacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.