Üçüncü nəsil SX4 krossoverini (Avropada bu krossover SX4 S-Cross adı ilə də tanınır) təqdim edən Suzuki şirkəti onu “tamamilə yeni” adlandırır. Lakin reallıqda bu 2013-cü ildə debüt etmiş hazırkı modelin dərin modernləşdirilməsidir. Platforma, bütün aqreqatlar və hətta kuzov çərçivəsi əvvəlki kimi qalıb: yeni krossoverin qapı girişləri əvvəlki modeldəki ilə tamamilə eynidir. Bununla belə, çoxlu dəyişikliklər də var.
Kuzovun ön hissəsi tamamilə yenidir, kapot daha yüksəkdə yerləşir və daha sanballı olub. Arxa tərəf də tamamilə yenidən işlənib, hətta arxa damın dirəklərindəki əlavə pəncərələrin forması da dəyişdirilib, təkər tağları isə, indi düzbucaqlı forma verilmiş iri plastik örtüklərlə bəzədilib. Bütün işıqlandırma cihazları işıqdiodlarından hazırlanıb.
Dizaynerlərin haqqını vermək gərəkdir: Suzuki SX4 modeli əvvəlki krossoverdən daha sanballı və “böyük” görünür. Modelin ölçüləri də eynidir: krossoverin uzunluğu (4300 millimetr), eni (1785 millimetr), hündürlüyü (1585 millimetr) və təkər bazası (2600 millimetrm) bir millimetr belə dəyişməyib. Eyni zamanda, krossoverin çəkisi yüngülləşib: Avropa üçün nəzərdə tutulmuş baza versiyasının boş çəkisi 1255-dən 1195 kiloqrama qədər azalıb.
Salonda əvvəlki model aydın şəkildə gözə çarpır: ön panelin konturları qorunub saxlanılıb, sükan çarxı, mərkəzi konsol və qapı panelləri ümumiyyətlə dəyişməyiblər. Ən əhəmiyyətli dəyişiklik doqquz düymlük ekrana malik olan yeni media sistemidir. Mediasistem indi mərkəzi havalandırma sisteminin mərkəzi deflektorlarının üstündə quraşdırılır və ön panelin yuxarısında yerləşir. Sistem Apple CarPlay və Android Auto interfeyslərini dəstəkləyir.
Ənənəvi cihazlar paneli və əl əyləci də qorunub saxlanılıb. Arxa divanın kürək hissəsinin meyl bucağını tənzimləmək üçün nəzərdə tutulmuş mexanizm də yerində qalıb. Baqajın həcmi də eynidir - 430 litr. Lakin arxa cərgənin qatlanması zamanı əldə edilən məkanın həcmi 1269-dan 1230 litrə qədər azalıb. Opsiyalar siyahısındakı əsas yenilik arxa obyektivi əvəzləmiş dairəvi görüntü kameralarıdır. Panoram dam və adaptiv kruiz kontrol əvvəllər də Avropada satılan SX4 modellərində olub.
Yerli bazarda Suzuki SX4 həm atmosfer mühərrikindən, həm ilkin “turboüçlükdən”, həm də dizel mühərrikindən çoxdan məhrum edilib. 2020-ci ildən burada avtomobillər yeni modelə keçən alternativsiz 1.4 Boosterjet “turbodördlüyü” ilə təklif olunurlar. Bu mühərrik 129 at qüvvəsi və 235 Nm hasil edir və əlavə olaraq sürətlənmənin ilk saniyələrində ona yardım edən 14 at qüvvəsi və 50 Nm hasil edən 48-voltluq startyor-generatorla təchiz edilir. Yığcam litium-ion batareyası ön sərnişin oturacağının altında yerləşir.
Güc aqreqatı altı pilləli mexaniki və ya altı diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz edilə bilər. Üstəlik, hər iki ötürmələr qutusu həm ön ötürməli, həm də bir neçə hərəkət rejiminə malik olan Allgrip tam ötürməsi ilə birləşdirilirlər. Bütün avtomobillər yarımüstəqil arxa asqıya malikdirlər. Bir sözlə, prinsipial olaraq yeni heç nə yoxdur.
Dəyişikliklər, gələn il, Suzuki şirkətinin sırf elektrik ötürməsilə hərəkət edə bilən tam ölçülü hibridlərin təqdim edilməsi ilə baş verəcəkdirlər. Əvvəlcə Vitara, sonra isə (ilin ikinci yarısında) yeni SX4 modeli belə qurğunu alacaqdır. Görünən odur ki, belə versiyaların hazırlanmasına Toyota şirkəti köməklik göstərəcəkdir. Şirkətdən elektromobillərin 2025-ci ilə qədər təqdim edəcəyi bildirilib.
Yeni nəsil Suzuki SX4 modeli bu ilin sonuna kimi Avropa bazarına çıxacaqdır. Krossoverlərin istehsalına artıq Macarıstandakı Magyar Suzuki zavodunda başlanılıb. Buradan avtomobillər Latın Amerikası, Asiya və Okeaniyaya çatdırılacaqdırlar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.