Payız-qış fəslində Bakı küləyi temperaturu daha da aşağı salır. Ona görə də doğru geyinmək vacibdir. Soyuq havalarda bədənin isti qalması üçün çoxqatlı geyim üsulu ən yaxşı çıxış yoludur. Çoxqatlı obrazlarında sviter vacib predmertlərindən biridir.
Doğru seçilmiş sviter nəinki soyuq havalarda bədənin istisini saxlamağa yardım edir, həm də görünüşə dəb qatır. Seçimi düzgün etmək üçün aşağıdakı qaydaları bilmək yaxşı olardı.
Geyimlər istilik vermir, onlar ancaq bədənin öz istisini qoruyur.
Sviterlər hansı materiallardan olur?
Kaşemir (ing. cashemir) – Kaşemir adlı dağ keçilərinin yunundan və tükündən hazırlanır. Bu keçilər yalnız müəyyən regionlarda yaşayır, məhdud sayda yun verir, ona görə də bahalı sayılır. Kaşemir sviterlər çox isti saxlayır və yüngül olur. Saf kaşemir sviter etalon sayıla bilər. Ancaq, material bahalı olduğu üçün çox zaman yunla qarışıq şəkildə təklif edilir.
Yun (ing. wool) – sviter üçün ən çox yayılmış materialdır. İstini mükəmməl qoruyur. Amma, yun sviterlər xüsusi qulluq tələb edir. Xüsusilə yuyarkən çox diqqətli olmaq lazımdır. Ən yaxşısı onu quru təmizləmə məntəqələrinə verməkdir. Səhv rejimdə yuyulduqda korlana və kiçilə bilər.
Pambıq (ing. cotton) sviterlər o qədər də isti saxlamır. Ona görə də daha çox yaz-payızın mülayim havaları üçün yaxşı seçimdir. Pambıq həm də yun geyim kimi qıcıqlanma vermədiyinə görə çılpaq bədənə geyilə bilər. Digər bir üstünlüyü də kaşemir və yundan daha ucuz olmasıdır.
✽ Bu məqalə maraqlı ola bilər – Geyiminiz üçün 27 parça növü və onların tərkibi ➤
Yun, kaşemir, pambıq sviterlər
Süni materiallardan (kimyəvi emal yolu ilə təbii xammaldan hazırlanmış liflər) olan sviterlər kaşemir, yun və pambıqdan daha əlçatan olur. Onlara vizkoz, lyosell, modal, bambuk aiddir. Bu materiallar təbii əsaslı olduğu üçün xüsusiyyətlərinə görə təbii materiallara bənzəyir, hava keçirmə qabiliyyəti var. Ona görə bu materiallardan sviterlər mülayim havalar üçün nəzərdə tutulur.
Sintetik (müxtəlif kimyəvi maddələrin birləşməsindən alınır) parçalardan olan sviterlərin qiyməti ucuz olur. Süni olan akril yunu, poliester və poliamid isə pambığın xüsusiyyətlərini təqlid edir, amma təbii materiallar kimi özəl qulluq tələb etmir. Sintetik parçalardan olan sviterlərin üstünlüyü ucuz qiymət, dartılma və yırtılmaya dözümlü olmasıdır, qırışmır. Lakin, onlar bədən istisini zəif qoruyur, hava mübadiləsi məhdudiyyətli olur. Sintetik materilların da yüksək və aşağı keyfiyyətlisi olur, bu da qiymətə böyük təsir edir.
Sintetik materiallardan biri də flisdir. Flis soyuq havalar üçün nəzərdə tutulub və hava keçirmədiyi üçün bədən istisini saxlayır, amma yüksək temperaturda tərləməyə yol açır. Ondan əsasən qış idman geyimləri istehsal olunur.
Sintetik materiallardan olan sviterlər xarici görünüşünə görə təbii materiallardan olanlardan fərqlənmir, lakin...
Təbii və sintetik materialların qarışığı daha məqsədəuyğundur. Təbii materiallara az sayda sintetikanın əlavə olunması onun möhkəmliyini və digər xüsusiyyətlərini artırır. Lakin, parçanın tərkibindəki sintetikanın miqdarının 30%-ə qədər olması şərtdir. Bu materiallara elastan (digər adı – laykra), neylon (ipəyin sintetik alternativi), poliester, poliamid aiddir.
Sviteri seçərkən onun daxilindəki etiketinə diqqət yetirin (bu ümumilikdə bütün geyimlərə da aiddir). Orada hansı materialdan hazırlandığı və onların faiz dərəcələri göstərilir. Etiketlərdə həmçinin qulluq şərtləri də yazılır, ona görə etiketləri geyimin içərisində saxlamaq lazımdır.
✽ Bu məqalə maraqlı ola bilər – Etiketdəki simvolların təyinatı ➤
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.