Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş təşkilatçısı Tom Butçer Ukraynanın nüfuzlu «Ukraine Today» resursuna bu ilin yayında Azərbaycanda keçiriləcək Avropa Qran Prisinə hazırlıq mərhələsindən danışıb. Bu barədə xəbəri ölkəmizdə fəaliyyət göstərən, Formula 1 haqqında yeganə və peşəkar internet saytı olan «Formula 1 Azərbaycanda» (www/f-1.az) yaymışdır.
Tom Butçer: «Qarşıdakı beş ay ərzində bakılılar şəhər küçələrinin əsl yarış trekinə çevrilməsini görəcəklər – bu trek FİA-nın bütün tələblərinə cavab verəcək. Biz Formula1 komandalarının bokslarını, yarışın idarə olunması üçün zəruri olan qülləni, komandaların binalarını, eləcə də trek ətrafında altı böyük müvəqqəti tribunanı quraşdıracayıq. Formula1 yarışı Azərbaycan üçün vacib hadisə olacaq və biz bu yarışla fəxr edəcəyik». Autograph onlayn dərgisi F-1.az saytına istinadən bildirir ki, Bakı küçələrində yerləşən trekdə debüt yarışı bu il iyunun 17-19 tarixlərində baş tutacaqdır.
Bakı halqasının tərtibatı üzərində Formula 1 treklərinin dizayneri Herman Tilkenin başçılıq etdiyi komanda işləmişdır.