Düz yarım əsr əvvəl, 1972-ci ildə, sonradan alman brendinin əfsanələrindən birinə çevrilmiş Porsche 911 Carrera RS 2.7 sportkarının təqdimatı baş tutub. Bu avtomobil əfsanəvi RS (Rennsport) indeksini alan ilk Porsche 911 modeli, Carrera əlavəsini alan ilk Porsche avtomobili və xarakterik “Ördək quyruğu” antiqanadını alan ilk idman avtomobili olub.
Porsche Carrera RS 2.7 modelinin öz zəmanəsində Almaniyanın ən sürətli seriya avtomobili olduğunu nəzərə alsaq, model haqlı olaraq şöhrət panteonunda öz yerini tutub. Avtomobilin 50-illik yubileyinin şərəfinə TAG Heuer saat manufakturası xüsusi qol saatı da hazırlayıb.
İsveçrənin premium saatlar istehsalçısı uzun müddətdir ki, Porsche ilə əməkdaşlıq edir, ona görə də isveçrəlilər avtomobil istehsalçısı üçün əlamətdar olan tarixdən yan keçə bilməyiblər. Manufaktura 42 millimetrlik Tag Heuer Carrera xronoqrafının əsasındaTag Heuer Carrera x Porsche RS 2.7 Limited Edition xronoqrafını hazırlayıb.
Vizual olaraq, yenilik korpusun şəffaf arxa qapağının xüsusi dizaynı ilə seçilir - sapfir şüşədən Porsche sükanı kimi stilizə olunmuş saat mexanizmini görmək olar. Saat bazara iki versiyada çıxıb ki, burada əsas Grand Prix White çaları qırmızı və ya mavi aksentlərlə uyğunlaşdırılır.
Mavi-ağ versiya cilalanmış poladdan korpusa və rodiumla örtülmüş əqrəblərə malikdir. Çatdırılma dəstinə ağ və mavi rəngdə hazırlanmış toxunma qayış daxildir. Modelin nəşrinin tirajı açıqlanmayıb, lakin hər birinin qiyməti 7 750 dollar olan saatların bütün tirajının artıq satıldığı bildirilir.
Ancaq daha bahalı, 23 550 dollara satılan ağ-qırmızı versiyanı satın almaq mümkündür. Bu versiyada korpus, qurma başlığı, düymə və arxa qapaq 18 karatlıq çəhrayı qızıldan hazırlanır. Çəhrayı qızıldan klassik toqqası olan qırmızı qayış isə alliqator dərisindən hazırlanır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.