Məncə ictimai nəqliyyatın əhəmiyyətli sahələrindən biri olan taksi xidmətinə əl gəzdirməyin vaxtı gəlib çatıb və hətta keçib də. Gündəlik qəzalar, xarab olaraq yolda qalan və tıxaclara səbəb olan nasaz avtomobillər yol hərəkətini iflic vəziyyətinə salmaq ərəfəsindədilər.
Bəyənmədiyimiz sovet dövründə istənilən şəxs taksomotor parklarında işə düzələ bilməzdi. Namizədlərə qarşı ciddi tələblər var idi - taksi sürücüsü kifayət qədər təcrübəli olmalı, şəhəri yaxşı tanımalı və ən əsası sağlam olmalı idi. Üstəlik, onlar hər ay tibb nəzarətindən keçmək məcburiyyətində idilər. Beləliklə, spirtli içkilərə və ya narkotiklərə aludə olanlar aşkar edilib, işdən qovulurdular.
Bu gün vəziyyət tam başlaqdır. İndi imkanı olan şəxslər bir neçə avtomobil alıb, müüəyyən məbləğə taksi xidməti göstərmək istəyən şəxslərə kirayəyə verirlər. Azad bazar iqtisadiyyatı işgüzar insanlar şərait yaradır və burada qeyri-qanuni heç nə yoxdur. Lakin avtomobili kirayəyə götürənin sürücülük təcrübəsi, fiziki və psixiki cəhətdən normal olmasını kimsə yoxlamır.
Nəticədə taksi xidməti sahəsində artıq acınacaqlı vəziyyət yaranıb və belə bir təəssürat yaranır ki, bu sahəyə nəzarət edən müvafiq dövlət strukturları da hələlik bu məsələyə barmaqarası yanaşırlar.
Digər tərəfdən taksomotor kimi istifadə edilən avtomobillərin texniki vəziyyəti də yumşaq desək, ürəkaçan deyil. Müvafiq olaraq, buna da ciddi nəzarət yoxdur. Avtomobillərin çoxunda aktiv və passiv təhlüksizlik sistemləri işlək deyillər ki, bu da qəzalar zamanı sərnişinlərin həyatına təhlükədir. Bundan başqa, artıq tez-tez yollarda xarab olub hərəkətsiz qalan və tıxaclara səbəb olan avtomobilləri görürük.
Sözümün canı ondadır ki, artıq bu məsələyə əncam çəkmək və taksi xidməti sahəsində qayda-qanun yaratmağın vaxtıdır. Sonra çox gec ola bilər.
Demədi deməyin…