Yeni Toyota Land Cruiser Prado ofrouderinin təqdimatı nadir və genişmiqyaslı bir hadisədir, çünki J150 seriyasından olan model düz 14 il konveyer həyatı yaşayıb. İndi isə, yeni nəsil Toyota Land Cruiser Prado J250 səhnəyə çıxır. Bir sıra ölkələrdə yeni model Prado əlavəsi olmadan sadəcə Toyota Land Cruiser kimi satılacaq, çünki digər “Kruzer” Şimali Amerikada və ya Qərbi Avropada satılmır.
Yeni Prado sələflərindən daha brutal və daha iri alınıb. Lakin bunda heç bir sürpriz yoxdur: dizaynın inkişafı istiqamətini iki ay əvvəl, həmişə olduğu kimi Prado ilə eyni şassi, kuzov və avadanlığı paylaşan qohum Lexus GX modeli nümayiş etdirib. Ön şüşə indi şaquliyə daha yaxın yerləşir, hamar cizgiləri isə iti künclər və düz səthlər əvəzləyib.
Toyota dizaynerləri açıq şəkildə müasir Land Rover Defender və Ford Bronco ofrouderlərinə nəzər yetiriblər, lakin Land Cruiser modelinin zəngin tarixini də unutmayıblar. Məsələn, ön və arxa tərəfin dizaynında Land Cruiser 60 modelinə (1980-1992) istinad aydın görünür. Üstəlik, yeni Prado üçün iki dizayn variantı da hazırlanıb - düzbucaqlı və ya nostaljik dairəvi fənərləri ilə! İkinci üz yalnız bahalı First Edition salamlama seriyası üçün deyil, həm də 1958 Land Cruiser modelinin baza retro versiyası üçün istifadə ediləcək.
Əlbəttə ki, Prado J250 çərçivə strukturunu saxlayıb, lakin indi o, böyük Toyota Land Cruiser 300 modeli ilə eyni GA-F platformasını bölüşür. Üstəlik, onlar hətta eyni təkər bazasına malikdirlər - 2850 millimetr (təqaüdə göndərilən Prado ofrouderində 2790 millimetrdir). Yeni çərçivə əvvəlkindən 50% daha sərtdir və kuzovla birlikdə bütün konstruksiyanın ümumi sərtliyi 30% artıb. Yeri gəlmişkən, bu nadir bir haldır: konstruktorlar kuzov panellərinin dəyişdirilməsinin asan başa gəlməsi üçün əllərindən gələni ediblər.
Yeni Land Cruiser Prado nəzərəçarpacaq dərəcədə böyüyüb - indi o, 300 modelindən bir qədər geri qalır. Yeni ofrouderin uzunluğu 100 millimetr (4925 millimetr), eni - 95 millimetr (1980 millimetr), hündürlüyü isə 20 millimetr (1870 millim)etr artıb. Beşinci qapı indi taybatay açılmır, yuxarı qalxır (elektrik ötürməsi ilə), lakin arxa pəncərəni ayrıca açmaq imkanı qorunub saxlanılıb. Təkər disklərini diametri - 18 və ya 20 düym (konfiqurasiyadan asılı olaraq) arasında ola bilər.
Prado iki və ya üç oturacaq sirası (beş və ya yeddi oturacaq) ilə təchiz edilə bilər. Cihazlar paneli artıq virtualdır, mediasistem isə 8,0 və ya 12,3 düymlük ekranla təklif olunur. Ancaq analoq estetikası ehmallıca qorunub saxlanılıb: ön paneldə bol şəkildə aparat düymələri və açarlar var. Üstəlik, ötürmələr qutusunun ənənəvi selektoru da yerini qoruyub.
Baza təchizatı oturacaqların parça üzlüklərini və nisbətən sadə avadanlıq siyahısını (baxmayaraq ki, sükan və ön oturacaqların qızdırılması var) nəzərdə tutur. Seçimlər arasında dəri salon, ön oturacaqların havalandırması və elektriklə tənzimlənməsi, üç zonalı klimat-kontrol, on dörd dinamikli JBL səs sistemi, proyeksiya displeyi, panoram dam, arxa kameranın ekranı olan salon güzgüsü və daha çox şeylər var.
Şassinin konstruksiyası əvvəlki kimidir: ön tərəfdə müstəqil ikiqollu asqı, arxada isə bütöv körpü. Lakin təkərlərin şaquli istiqamətdə gedişi artırılıb. Prado passiv amortizatoru olan yaylı asqıya malikdir (Lexus GX adaptiv amortizatorlarla təchiz oluna bilər), aktiv stabilizatorları olan KDSS sistemi isə artıq təklif edilmir. Onu açıla bilən ön köndələn dayanıqlılıq stabilizatoru əvəzləyib və bu funksiya yalnız yolsuzluqda lazım olacaq. Elan edilmiş klirens 220 millimetr, giriş bucağı - 30 və ya 31 dərəcə (komplektasiyadan asılı olaraq), çıxış bucağı isə 22 dərəcədir.
Oxlararası özükilidlənən differensialı və azaldıcı pilləsi olan daimi tam ötürmə də qorunub saxlanılıb. Prado standart olaraq “mərkəzin” kilidlənməsinə və arxa təkərlərarası differensiala malikdir. Crawl Control adlanan yolsuzluq kruiz-kontrolu yerindədir, Multi-Terrain Select sisteminin idarəetmə rejimləri genişləndirilib və indi onlar qoşulmuş azaldıcı pillə ilə birlikdə işləyirlər. Əvvəlki modeldən əsas fərq isə, zolaq saxlama sisteminin inteqrasiyasına imkan verən elektrik sükan gücləndiricisidir.
Güc aqreqatları çeşidi həmişəkindən daha genişdir, lakin müxtəlif bölgələr üçün fərqli birləşmələr nəzərdə tutulub. Bununla belə, artıq mexaniki transmissiya, eləcə də V6 mühərriki olmayacaq (o, yalnız Lexus ofrouderinin imtiyazıdır): indi yalnız dördsilindrli aqreqatlar təklif edilir. Baza mühərriki altı pilləli “avtomat” ilə birlikdə calışan 2,7-litrlik 2TR-FE benzin (163 at qüvvəsi, 246 Nm), lakin Prado modelləri əsasən Yaponiya və Şərqi Avropa üçün nəzərdə tutulub.
Şərqi Avropa və Yaxın Şərqdə T24A-FTS seriyasından olan 2,4-litrlik “turbodördlük” təklif ediləcək: o, 281 at qüvvəsi və 430 Nm fırlanma anına malikdir və səkkiz pilləli “avtomat” ilə tandemdə çalışacaq. Şimali Amerika və Çin üçün - eyni turbomühərrikə əsaslanan tamölçülü i-Force Max hibrid nəzərdə tutulub. 49 at qüvvəli elektrik mühərriki səkkiz pilləli ötürmələr qutusuna inteqrasiya olunub, sistemin ümumi hasilatı 330 at qüvvəsi və 630 Nm təşkil edir. Nikel-metal-hidrid dartma batareyası cəmi 1,87 kilovat/saat tutuma malikdir, ona görə də məişət elektrik şəbəkəsinə qoşulmur.
ABŞ-da belə Land Cruiser (Prado indeksi olmadan) təqaüdə göndərilmiş LC 200 və burada satılmayan yeni LC 300 modellərinin yerini tutacaq. Ofrouderin başlanğıc qiyməti təxminən 55 min dollar ətrafında olacaq. Təəssüf ki, hələlik başqa orientirlər yoxdur, çünki J250 dünya bazarına yalnız 2024-cü ilin birinci yarısında çıxmalıdır. Ofrouderlər Yaponiyadakı iki zavodda - Toyota şirkətinin Taxaradakı müəssisəsində və Hino markasının zavodunda istehsal olunacaq.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.