Kabriolet kuzovlu avtomobillərin əsas özəlliyi bilirsizmi nədir? Cavabınızı təxmin edə bilərəm - açıq avtomobildə səyahətin həzzi başqadır. Əslində, kabrioletlərin insanları əfsunlayan başqa bir xüsusiyyəti vardır - qatlanan tavanın açılıb-bağlanması prosesi.
Kabrioletin tavanı açılan zaman ətrafdakılar dayanıb əfsunlanmış kimi bu prosesi izləməyə başlayırlar. O dəqiqə, Redyard Kiplinqin «Cunqlyanın kitabı» romanındakı səhnə yadıma düşür. Xatirinizdədirsə, Mauqlini meymunların əlindən xilas etmək üçün Ka rəqs edərək sonuncuları əfsunlayır. Kabriolet də ətrafdakıları beləcə əfsunlamaq qabiliyyətinə malikdir - üstəlik, bu kabriolet Bentley Continental GT Convertible modelidirsə...
Keçən həftə Almaniyanın Münhen şəhərinə etdiyim səfərin məqsədi də məhz yeni nəsil Bentley Continental GTC modelinin planlaşdırılan təqdimat mərasimi idi. Almaniyada havanın qarlı-şaxtalı keçməsi təqdimatın statik olmasından xəbər verirdi - təxmin etdiyim kimi də oldu. Təqdimatın keçirildiyi məkan da maraqlı idi - məncə bu Münhendə olan zavodların birinin ərazisi idi.
Təqdimata dəvət alanların əksər hissəsi britaniya markasının dilerlərinin nümayəndələri və müştəriləri idi. Jurnailstlər isə azlıq təşkil edirdi - mən istisna olmaqla, qələm əhlinin əsas hissəsi Rusiyadan gəlmişdi. Əlbəttə ki, toplaşanlar səbirsizliklə avtomobillərin üzərindəki örtüyün götürülməsini gözləyirdilər.
Örtüklərin götürülməsindən öncə Bentley nümayədəsi çıxış edərək yeni model haqqında məlumat verdi. Bu çıxışda dəvət edilənlər arasında Azərbaycandan qonaqların olması xüsusi ilə qeyd edildi.
Avtomobillərin üzərindəki örtüyün götürülməsi ilə onların ətrafını sarıyan insanların arasında keçmək belə mümkün deyildir. Hər şey müştərilərin yeni avtomobili bəyəndiyindən xəbər verirdi. Həqiqətən də, kabriolet cəlbedici alınıbdır - istər bağlı tavanla, istərsə açıq halda Continental GTC dinamik görünüşə malikdir. Bentley Continental GTC modeli, yumşaq tavan örtüyü istisna olmaqla, kupe kuzovlu qardaşında heç nə ilə fərqlənmir.
Bentley Continental GT Convertible modelinin yumşaq tavanı avtomatik olaraq 19 saniyəyə açılıb-bağlanır. Özü də, bu prosesi həyata keçirmək üçün avtomobili dayandırmaq gərək deyildir - 50 km/saat həddinə qədər sürətlərdə tavanı açıb-bağlamaq mümkündür. Yeri gəlmişkən, Bentley şirkəti tavanı yeddi müxtəlif rəngdə təklif edir ki, ilk dəfə olaraq, bu rənglərin arasında britaniya tvidinin müasir interpretasiyası olan çalar da vardır.
Yumşaq tavanın yeni konstruksiyası salondakı səs-küy səviyyəsini əvvəlki modelə nisbətən 3 Db azaltmağa imkan verib. Bundan başqa, yeni kabrioletin kuzovunun sərtliyi də 5% artıb, çəkisi isə 20% azalıbdır. Yeni kabrioletin çəksi 2414 kiloqram təşkil edir. Müqayisə üçün, kupe 2244 kiloqramdır.
Kabrioletin qızdırılan oturacaqları "hava şərfi" sisteminin yeni variantı ilə təchiz edilir. Yeni sistem əvvəlkinə nisbətən daha effektivdir və daha sakit işləyir. Sistem elektronika ilə tənzimlənən oturacaq başlıqları zonasında isti hava axınının optimal şəkildə bölüşdürülməsini təmin edir. "Hava şərfinin" ən yadda qalan elementi isə, məşhur Bull Eye deflektorlarını xatırladan xromdan hazırlanmış deflektorudur.
Bundan başqa, Bentley Continental GTC modelinin təchizatına oturacaqların və sükan çarxının qızdırılması da daxildir. Daha bir yeni funksiya - qızdırılan dirsəkaltılar, - "hava şərfi" ilə birlidkə istənilən temperaturda yeni kabrioletlə səfəri daha rahat edəcəkdir.
Bentley Continantal GT Convertible 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik iki turbokompressorlu W12 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı səkkiz pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Kabriolet 100 km/saat həddini 3,8 saniyəyə toplayır ki, bu da kupe ilə müqayisədə 0,1 saniyə yavaşdır. Continental GTC modelinin maksimal sürəti 333 km/saat təşkil edir.
Tanışlıq. Bentley Continental GT Convertible
GTC modelinin təchizatına 12,3-düymlük displeyə malik olan multimedia sistemi, gecə görüntü sistemi, 18 dinamiki və 2200 vat gücü olan Naim səs sistemi, həmçinin işıqdiodlarından matrisa fənərləri daxildir. Əlbəttə ki, bu siyahını davam etdirmək olar. Lakin, ən yaxşısı Bentley Bakı Mərkəzinə müraciət etmənizdir. Mərkəzin yüksək ixtisaslı əməkdaşları sizi hər bir kiçik detalla tanış etməyə hazırdırlar.