Yeni ili maraqlı bir avtomobilin testi ilə başlamaq bu mövzuda yazan jurnalist üçün yaxşı əlamətdir. Əgər öndən görmələrə inansaq, deməli il boyu belə testləri tez-tez keçirməli olacağıq. İş orasındadır ki, 2017-ci ilin ilk günlərində Mercedes-Benz şirkətinin ən maraqlı modellərindən biri olan GLE Coupe modeli ilə tanış olmaq şansım yarandı.
Hərçəndi, buna geniş mənada test-drayv demək olmaz - buna ingilislər demişkən «short test-drive» desək daha düzgün olar.
Azərbaycan türkcəsinə çevirsək - «qisa tanışlıq». Ən maraqlısı da odur ki, mən avtomobillə tanış olmaq şansını qarın bol və soyuq havanın mövcud olduğu Belarusda əldə etmişdirm. Əlbəttə ki, varlı azərbaycanlı alıcılar arasında məşhur olan BMW X6 kupe-krossoverinin ən güclü rəqibini belə bir şəraitdə sınaqdan keçirmək daha maraqlı idi. Tanışlıq günü havanın temperaturu Selsi üzrə mənfi 25 dərəcə idi. Bakı üçün belə bir temperaturun mövcudluğu artıq fantastik hadisə sayıla bilər. Minsk şəhərinin hər tərəfini ağappaq qar örtsə də şəhər daxilindəki və kənarındakı yollar qardan buzdan tamamilə təmizlənmişdir.
Bakının kommunal xidmətləri üçün yanvar ayında yağan qar nə qədər «gözlənilməz» olsa da, Minsk şəhərinin kommunal xidmətləri hər zaman qış mövsümünə maksimal hazırlıqlı olurlar. İlin dörd-beş ayını qış olan ölkədə bunu etməmək mümkün deyildir.
Qarda arxa oxu sürüşdürmək üçün stabilizasiya sistemini söndürmək bəs edir
İlkin olaraq, Belarusda Daimler AG konserninin rəsmi təmsilçisi olan «Autohouse Energia GmbH» şirkətinin Minsk şəhəri, Timiryazev küçəsi, 70 ünvanında yerləşən sərgi-satış mərkəzinə yollandım.
Yerli nümayəndəliyin şou-rumu Mercedes-Benz şirkətinin korporativ standartlarına tam cavab verir və buraya gələn müştəriləri tam rahat bir məkan gözləyir. Məni mərkəzdə Mercedes-Benz GLE Coupe modeli ilə tanış olmağa yardım göstərən Dmitriy Perlin qarşıladı. Qeyd etməliyəm ki, Dmitri ilə bu qısa test barədə mən hələ Azərbaycanda olarkən razılıq əldə etmişdim. Bununla belə, yaxın zamanlarda mənim Minskə səfər etməyim də bir qədər sual altında idi.
İstənilən halda, Dmitri mənə istənilən zaman istənilən Mercedes-Benz modelini test etmək imkanımın olduğunu bildirmişdi.
GLE Coupe həyatda fotoşəkillərdən daha maraqlı görünür
Necə deyərlər, keçək əsərimizin qəhrəmanına. Bir çoxları Mercedes-Benz şirkətinin BMW X6 modelinə rəqib hazırlayacağını uzun müddətdir ki gözləyirdilər.
Lakin, nə hikmətdirsə, Ştutqartlı istehsalçı Bavariya kupe-krossoverinə rəqib hazırlamaq məsələsində tələskənliyə yol vermək istəmirdi. Qəribəsi də odur ki, Mercedes-Benz ML-Class (bu günki GLE-Class) və CLS-Class modeli ilə yeni seqmentlərə həyat vermiş istehsalçı bu dəfə üstünlüyü Münhendən olan daimi rəqibinə vermişdi.
Nəhayət, BMW X6 modelinin istehsalına başlanıldığı tarixdən altı il keçdikdən sonra Ştutqart istehsalçısı Mercedes-Benz GLE Coupe modelinin üzərindən sirr pərdəsini qaldırmış oldu.
Buraxılış sisteminin borusu maraqlı formaya malikdir
Bu janrın ənənələrinə uyğun olaraq kupe alçaq tavan xəttinə malikdir. Kuzovun formasına nəzər salsaq Ştutqartdan olan kepe-krossover Münhenli rəqibinə çox bənzəyir. Öndən yeni krossover Mercedes-Benz GLE-Class modeli ilə müəyyən bənzərlik daşısa da, eksteryerdə olan bənzərliklər bununla da bitmiş olur. Avtomobilin arxa hissənin dizaynı daha çox alman istehsalçısının son kupe modellərində müşahidə etdiyimiz üslubda hazırlanmışdır.
Sözün açığı kupe kuzovlu avtomobil adi GLE modelinə nisbətən daha çox cazibədar görkəmə malikdir - bunun başlıca səbəblərindən biri də GLE Coupe modelinin iri təkər tağlarına və daha axıcı cizgilərə malik olmasıdır. Bəlkə də bu mənim subyektiv fikrimdir, amma Mercedes-Benz GLE krossoveinin dizaynını o qədər də uğurlu saymaq olmaz - əsasən də əvvəlki nəsil Hyundai Tucson modelini xatırladan balaca təkər tağlarının görünüşü ilə.
GLE krossoverinin salonu buraya dəyişilməz olaraq köçürülmüşdür
Yeri gəlmişkən, Mercedes-Benz GLE Coupe idman xarakterli görünüşə malik olasa da, salonda bu xarakter əsla hiss edilmir. Əksinə, interyerin dizaynında daha çox dəbdəbə və rahatlıq hisslərini önə çəkilmişdir. Ola bilər ki, bunun başlıca səbəbi interyerin adi GLE modelindən dəyişmədən kupe-krossoverə köçürülməsindədir.
Digər tərəfdən interyerin tərtibatında istifadə edilən materialların yüksək səviyyəsi bu avtomobilin əldə edilməsinə ödənilən pulun boş yerə xərclənmədiyindən xəbər verir. Sürücünün istifadə etdiyi orqanların yerləşməsi klassik Mercedes-Benz ənənələrinə uyğun olaraq tərtib edilmişdir. İllərlə Mercedes-Benz avtomobilindən istifadə etmiş insanlar çoxsaylı düymələri işlətməkdə heç bir əziyyət çəkməyəcəkdirlər.
Hətta, mənim kimi arada-sırada «Mercedes» ulduzunu daşıyan avtomobillərdən istifadə edən şəxs də qısa zaman ərzində rahatlıqla lazım olan funksiyalardan yararlanmağı bacardım.
Ön fənərlər GLE kupesinin tanınan elementlərindəndir
Mercedes-Benz GLE Coupe modelinin qabarit uzunluğu 4900 millimetr, eni - 2003 millimetr, hündürlüyü isə 1731 millimetr təşkil edir. Modelin təkər bazasının uzunluğu 2915 millimetrə bərabərdir. Beləlikə, Mercedes-Benz GLE Coupe BMW X6 modelindən 9 millimetr qısa, 14 millimetr enli və 29 millimetr hündürdür. Təkər bazasının uzunluğuna görə GLE Coupe rəqibinə 18 millimetr uduzur. Yeri gəlmişkən GLE Coupe adi GLE modelindən 81 millimetr uzun, 68 millimetr enli və 65 millimetr alçaqdır.
Bizim tanışlıq predmetimiz olan ağ rənlgli GLE 400 4Matic Coupe modeli 3,0-litr iş həcmi olan iki turbokompressorlu V6 mühərriki və 9G-Tronic avtomatik ötürmələr qutusu ilə təchiz edilmişdir. Turbomühərrik 333 at qüvvəsi və 480 Nm fırlanma anı təklif edir. Güclü mühərrik və avtomatik ötürmələr qutusunun tandemi kupe-krossoveri 100 km/saat həddinə 6,0 saniyəyə sürətləndirmək imkanı verir.
Həqiqətən də, avtomobilin sürətlənməyindən həzz almamaq qeyri-mümkündür. Əgər Mercedes-Benz GLE 400 4Matic Coupe belə imkanlara malikdirsə, indi təsəvvür edin Mercedes-AMG GLE 63 S 4Matic Coupe nələrə qadirdir. Əsasən də bu sürətlənməni Dynamic Select selektorunun Sport+ rejimində həyata keçirmək şərtdir.
Dynamic Select sistemi Individual, Comfort, Slippery və Sport rejimlərinə malikdir
Qeyd etmək lazımdır ki, adi halda Dynamic Select sistemi Individual, Comfort, Slippery və Sport rejimlərinə malikdir. Bizim test avtomobilində bu rejim opsional olaraq quraşdırılmışdır. Qalan rejimlərdə sürətlənmə yaxşı səviyyədə olsa da Sport+ rejimindəki ilə müqayisə edilə bilməz.
Ümumiyyətlə, sakit xarakterə malik olan krossover bu rejimdə davranışını tamamilə dəyişir: asma sərtləşir, «avtomat» daha çevik, akselerator pedalı isə daha həssas olur. İstər-istəməz bu rejim aktiv edilən zaman trekdə olmaq istəyirsən... Hərəkət rahatlığına gəldikdə isə, GLE Coupe hər «Mercedes» ulduzunu daşıyan avtomobil kimi rəvan gedişi təmin edən asqıya malikdir. İlk anlar mənə elə gəldi ki, avtomobildə Airmatic pnevmatik asma sistemi quraşdırılmışdır. Əsla! Sən demə, avtomobil Agility Control sistemi ilə təchiz edilmiş adi yaylı asma ilə təchiz edilmişdir.
Demək, ən sadə asma da yüksək rahatlığı yaratmaq qabiliyyətindədir. Digər tərəfdən krossoverin qarlı-buzılu yollarda özünü necə aparacağı maraqlı idi. Avtomobilin ən yaxşı qış şinlərindən biri olan Nokian Hakkapeliitta R2 SUV şinləri ilə təchiz edilməsi, qarlı-şaxtalı hava şəraitində yol səthi ilə lazımi ilişmə səviyyəsinin olacağından xəbər edirdi.
Arxa fənərlər özünəməxsus formaya sahibdirlər
Bunu yoxlamaq üçün Ptiç qəsəbəsindəki meydançaya yollandıq. Dövlət əhəmiyyətli yollar qardan azad olsa da, qəsəbələrə gedən yollar təmizlənməmişdir və biz rahatlıqla avtomobilin qarda necə davrandığını sınaqdan keçirə bilərdik. Qeyd etmək lazımdır ki, «yapışqan» şinlər öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlirdilər. Nəzərə alsaq ki, Mercedes-Benz GLE 400 Coupe modelinin 4Matic tam çəkiş sistemi fırlanma anını oxlar arasında bərabər nisbətdə bölür, qarlı yollarda avtomobil hərəkət istiqamətini problemsiz saxlayırdı.
Ptiç qəsəbəsindəki böyük meydança qarla örtülsə də, qarın bərkiməsi ucbatından ürəyimiz istəyən kimi «drift» edə bilmədik. Sərtləşmiş qar kütləsinin şinləri kəsə və ya avtomobilin mexaniki hissələrinə zədə yetirə bilərdi. Bununla belə, krossover asanlıqla qar kütləsini yararaq meydançanın bir ucundan digər ucuna rahatlıqla keçə bildi. Biz isə, meydançanın ətrafını haşiyələndirən yolda bir balaca «xuliqanlıq» etməyə nail olduq.
Əslində döngələrdə avtomobilin arxasını sürüşdürmək üçün bir qədər «təxribata» ehtiyac duyulurdu. Drive Select sisteminin «Individual» və ötürmələr qutusunun isə «mexaniki» rejimlərini seçərək avtomobilin arxasını döngələrdə sürüşdürməyə, sonradan onu düzlükdə sabitləşdirməyə başladıq. Qısa desək - cəhd etməyə dəyər!
Əlbəttə, Mercedes-Benz GLE Coupe modelinin təchizat sistemidən geniş şəkildə söhbət etmək olar.
Avtomobil müasir aktiv və passiv təhlükəsizlik sistemləri kompleksi və əyləncə-məlumat sistemi ilə öyünə bilər. Qeyd etmək lazımdır ki, bu sistemlər arasında ən çox diqqətimi çəkən Comand sisteminin yeni taçpadlı coystiki və səkkiz düymlük multimedia sisteminin ekranı oldu. Bu sensorlu ekran vasitəsilə avtomobilin bir çox sistemlərini tənzimləmək və idarə etmək mümkündür, və monitorun əks etdirdiyi görüntünün kefiyyət səviyyəsi çox yüksəkdir. GLE Coupe modelini arxa oturacaqdakı sərnişinləri də fərdi monitorlarına sahibdirlər.
Yeri gəlmişkən, bir müddət arxa cərgədəki məkanı hiss etmək üçün orada əyləşərək səyahətə davam etdim. Deməliyəm ki, alçaq tavan xəttinə baxmayaraq GLE Coupe modelinin ikinci cərgəsi arxa sərnişinlər üçün kifayət qədər məkan təklif edir. İstənilən halda burada özünü çox rahat hiss edirsən və sərnişinin başı üzərindəki məkan insana klaustrofobiya hissi aşılamır.
İstənilən halda qısa test zamanı avtomobilin davranışı, ondan istifadə rahatlığı haqqında geniş məlumat əldə etmək qeyri-mümkündür. Ümid edirik ki, Mercedes-Benz şirkətinin yerli nümyaəndəsi bizə belə bir imkanı yaradacaqdır. Ruslar demişkən - nadejda umirayet poslendey.