Bu məqaləni əbəs yerə «Tanışlıq» bölməsində yerləşdirməmişik. İş ondadır ki, bizim ikinci nəsil Koleos krossoveri ilə tanışlığımız uzunmüddətli olmadı və bu tanışlıq tam formalı test-drayv anlayışından çox uzaq idi. Əslində buna qısa test-drayv adını da vermək olmazdı.
İstərdim ki, bir anlıq birinci nəsil Renault Koleos krossoverini nəzərinizdə canlandırasınız.
Alınmır? Elə mən də ilk Koleos krossoverini xatırlamaq üçün saytınızın bu markaya aid olan bölüməsinə göz gəzdirməli oldum. Həqiqətən də, ilk nəsil Koleos yadda qalan avtomobil deyildi. Koleos modelinin o qədər də güclü dizayna malik olmaması azmış kimi, üstəlik rəqabətin çox güclü olduğu bir seqmentdə debüt etməsi onu uğursuzluğa düçar edən amillərdən biri oldu. O zamanlar, bu seqmentdə hökmüranlıq edən Hyundai-Kia ikilisinin Tucson/Sportage modellərinə qarşı Koleos şanssız idi.
300 min satılmış avtomobil demək olar ki, dəryada bir damcıya çevrildi.
Rəng və materialların seçimi düzgün şəkildə aparılmışdır
Bu günki Koleos modelinə baxdıqda fransızların səhvlərdən nəticə çıxartdığını açıq-aşkar görmək mümkündür.
İlk baxışdan yeni krossoverin artmış ölçülərini aydın görmək mümkündür. Renault-Nissan alyansının CMF-D platformasında istehsal edilən Koleos, eyni platformada yığılan Nissan X-Trail modelindən iri ölçülərə malikdir. Yeni nəsil Renault Koleos modelinin qabarit uzunluğu 4673 millimetr, eni - 1843 millimetr, hündürlüyü isə 1678 millimetr təşkil edir. Avtomobilin təkər bazasının uzunluğu 2705 millimetr, klirensi 210 millimetrdir. Beləliklə, yeni krossover sələfindən 153 millimetr uzun, 12 millimetr ensiz və 17 millimetr alçaqdır. Təkər bazasının uzunluğuna görə yeni avtomobil 15 millimetr üstünlüyə malikdir. Digər tərəfdən, yeni Koleos dizayn cəhətdən də nəinki sələfini, hətta yaxın əqrəbası sayılan Nissan X-Trail modelini üstələyir.
Yeni Koleos modelinin dizaynı üzərində Lorens van den Akerin başçılıq etdiyi dizaynerlər komandası çalışmışdır. Təbii haldır ki, krossoverin çöhrəsində yeni Talisman və Megane modellərinin tanış cizgilərini görürük. Yeni Koleos sələfinə nisbətən daha sanballı görkəmə malikdir və premium seqmentində olan avtomobil təsiri bağışlayır.
Arxa işıq texniksaının oxşar formasına sonuncu Renault modellərində tez-tez rast gəlmək olar
Renault Koleos modelinin interyerində də Talisman modelinin təsiri açıq-aydın müşahidə olunur. Elə mərkəzi konsola və sükan çarxına göz gəşdirmək kifayətdir ki, bu iki model arasında olan doğmalığı aşkar edəsən. Eyni zamanda, salonun tərtibatında istifadə edilən materialların kefiyyəti də yüksəldilmişdir.
Təəssüf ki, vaxtın azlığından avtomobilin sistemlərinin funksiyalarından istifadə edə bilmədim - yeganə istifadə etdiyim sistem tam çəkiş sisteminin kilidlənməsi və ESP sisteminin söndürülməsi düyməsi oldu. Vizual cəhətdən interyerin dizaynı pis alınmamışdır - əsasən də mərkəzi konsoldakı R-LİNK-2 multimedia sisteminin planşet tipli 9-düymlük displeyin olması salona xüsusi cazibə bəxş edir. Bununla bərabər, 7-düymlük rəqəmsal cihazlar panelini də qeyd etmək lazımdır.
Doğrudur, tərtibat cəhətdən Audi modellərində gördüyümüz virtual cihazlar panelindən bir qədər geridə qalsa da, ümumilikdə cıhazlar paneli yaxşı təsir bağışlayırdı.
9-düymlük planşet tipli displey salona cazibədarlıq bəxş edir
Qısa müddətli tanışlıq zamanı müşahidə etdiyim bir neçə cəhəti diqqədinizə çatdırmaq istərdim: birincisi, arxa qapıların daha geniş bucaqda (öndə 70, arxada 77 dərəcə) açılması, ikincisi isə qapıların kandarları tam örtəsi idi. Yəni, krossover sahiblərinin avtomobildən enərkən paltarın batması problemi birdəfəlik həll edilmişdir. Üçüncü cəhət avtomobilin salonundakı məkan bolluğu idi - qeyd etmək gərəkdir ki, Koleos arxa cərgədəki ayaqlar zonasında sinifində rekord sayılacaq 289 millimetrlik məkan təklif edir.
Başqa bir üstün cəhət baqaj bölümünün artmış tutumudur. Adi halda krossoverin baqajıı 600 litr yük götürmək qabiliyyətinə malikdirsə, ikinci cərgənin oturacaqlarının qatlanması halında bu rəqəm 1690 litrə yüksələ bilər. Özü də bu oturacaqları qatlamaq üçün baqaj bölümündəki düyməyə basmaq kifayətdir. Baqaj bölümünün qapağı isə, elektrik ötürməsi ilə təchiz edilmişdir ki, bu qapağı açmaq üçün ayağınızı bamperin altından keçirmək kifayət edir.
600 litrlik həcm və «təpik» ilə açılan baqaj qapağı yüklərin yerləşdirilməsini asanlaşdırır
Renault Koleos modeli təchizat cəhətdən də sahibini məyus etməyəcək bir avtomobildir.
Adını yuxarıda çəkdiyimiz R-LİNK-2 multimedia sistemi ilə yanaşı, avtomobilin təchizatına Bose premium səs sistemi, naviqasiya, Bluetooth, 0,8 kvadrat metrlik sahəsi olan panoram tavan, elektriklə tənzimlənən, qızdırılan və soyudulan oturacaqlar, arxa görüntü kamerası, işıqdiodlarından fənərlər və 19-düymlük təkər diskləri daxildir.
Avtomobil geniş sayda müasir aktiv və passiv təhlükəsizlik sistemləri ilə də təchiz edilir ki, bunlarında sırasında zolaqlara və kor zonalara nəzarət, təcili əyləcləmə sistemi, əyləc gücünün bölüşdürülməsi kimi sistemlər mövcuddur.
Arxa cərgədəki ayaqlar zonasında 289 millimetrlik məkan vardır
Yeni Koleos iki benzin və iki dizel mühərriki ilə təchiz edilir.
Benzin mühərrikləri 2,0 və 2,5-litrlik aqreqatlardan ibarətdir. Birinci mühərrik 145 at qüvvəsi və 200 Nm fırlanma anı, ikinci isə 170 at qüvvəsi və 233 Nm fırlanma anı təklif edir. Dizel güc aqreqatları 130 at qüvvəsi və 320 Nm fırlanma anı olan 1,6-litrlik dCi, həmçinin 175 at qüvvəsi və 380 Nm fırlanma anı olan 2,0-litrlik mühərriklərdir. Transmissiyalar 6-pilləli mexaniki və ya X-Tronic variatorudur. Eyni zamanda, Koleos All Mode 4x4-i adlı ağıllı tam çəkiş sistemi ilə təıchiz edilir.
Bu sistem üç iş rejiminə malikdir: 2WD, 4WD Auto və 4WD Lock. Sonuncu rejim 40 km/saat sürətinə qədər fırlanma anının oxlar arasında 50:50 nisbətində bölünməsini təmin edir.
Qarda drift etmək? Məmnuniyyətlə!
210 millimetrlik klirensə və tam çəkiş sisteminə malik olmasına baxmayaraq Koleos’un yolsuzluq üçün yaradılmadığı aydındır. Misal üçün, qarlı meşə yollarında Continental İceContact2 mismarlı təkərləri ilə təchiz edilmiş Koleos sürücüyə təkərlərin isiqaməti barədə dəqiq məlumat verə bilmişdir.
Bəlkə də bu qarlı yollar üçün keçərlidir, torpaq yollarda başqa effekt olacaqdır. Lakin, həmin günlərdə bunu sınaqdan keçirmək şansımız olmadı. Bununla belə, asfalt zəminində avtomobil daha yaxşı təsir bağışladı. Hər halda dəqiq nəticəyə avtomobilin yerli testləri zamanı gəlmək olar.
Qızmış muftanın qoxusu hər tərəfə yayılsa da sistem çalışmağa davam edir
İstənilən halda Renault mütəxəssisləri gözəgəlimli, kefiyyətli və yaxşı təchiz edilmiş bir avtomobil yarada bilmişdirlər. Bizim bazarda Renault Koleos modelinin başlıca rəqibləri Hyundai SantaFe və KİA Sorento modelləri olacaqdır. Bu iki avtomobilin Azərbaycan bazarındakı möhkəm mövqelərini nəzərə alsaq, Renault marketoloqlarının üzərinə böyük iş düşür.
Bakı - Sankt-Peterburq - Bakı