Qlobal elektrikləşdirmə hərəkatına qolşulan Audi şirkəti 2024-cü ildə ortamühərrikli R8 superkarının istehsalına son verib. Əvvəlcə onun varisinin Porsche platformasında yaradılmış elektromobil olacağı nəzərdə tutulurdu, lakin 2025-ci ildə premium elektromobil bazarının gözləniləndən daha yavaş inkişaf etməsi Audi rəhbərliyini bu planı yenidən nəzərdən keçirməyə məcbur edib.

Şirkət hibrid konsepsiyaya qayıdaraq Lamborghini Temerario superkarının aqreqatlarına əsaslanan yeni idman avtomobilini hazırlamaq qərarına gəlib. Bunun nəticəsi isə, Audi markasının yeni flaqman superkarı — Nuvolari olub.

Modelin adının XX əsrin birinci yarısının əfsanəvi pilotu Tatsio Nuvolarinin şərəfinə seçilməsi təsadüfi deyil. Audi şirkəti Nuvolari superkarını R8 modelinin birbaşa varisi kimi deyil, daha yüksək statuslu və məhdud sayda buraxılacaq “halo-kar” kimi səciyyələndirir. Bu avtomobil Temerario superkarının daha güclü mühərrikə, qabaqcıl elektronikaya və futuristik dizayna malik olan analoqu kimi nəzərdə tutulub.

Nuvolari modelinin dizaynı Audi brendinin 1930-cu illərin Auto Union rekord avtomobillərindən ilhamlanan yeni minimalizm fəlsəfəsinə uyğun hazırlanıb. Xarici görünüş baxımından model bir il əvvəl nümayiş etdirilmiş Audi Concept C konseptini xatırladır, lakin daha aydın ifadə olunmuş ortamühərrikli proporsiyalara malikdir. 

Ön hissədə şaquli radiator barmaqlığı, onun hər iki tərəfində isə, nazik faralar və iri hava girişləri yerləşir. Yan hissələr R8 üslubunda şaquli hava kanalları ilə bəzədilib, arxa hissədə isə, havalandırma dəlikləri olan geniş panel, arxa işıqların nazik zolaqları və iri diffuzor yerləşir.

Onlara DRS funksiyalı aktiv arxa antiqanad da əlavə olunub ki, o da döngələrdə, sürətlənmə və əyləcləmə zamanı yerəsıxma qüvvəsini avtomatik tənzimləmək üçün üç müxtəlif mövqe arasında keçid edir (400 kiloqrama qədər). Bundan əlavə, Nuvolari Audi brendinin tarixində mərkəzi kilidli döymə təkər disklərinə sahib olan ilk seriya modelidir.

Nuvolari modelinin salonu da Concept C modelində olduğu kimi ikirəngli minimalist üslubda hazırlanıb. İnteryerdə alkantara, dəri və anodlaşdırılmış alüminiumdan istifadə olunub. Bütün idarəetmə elementləri, o cümlədən çərçivəsiz, şaquli yerləşdirilmiş multimedia ekranı da daxil olmaqla, sürücünün ətrafında cəmlənib,. Fiziki düymələr qorunub saxlanılıb, həmçinin karbonplastikdən karkası olan yüngül idman oturacaqları quraşdırılıb.

Superkar Audi Space Frame məkan konstruksiyası üzərində qurulub. Audi tarixində ilk dəfə olaraq, avtomobilin kuzov panellərinin əksəriyyəti karbonplastikdən hazırlanıb. 

Superkar quattro Predictive Ride tam ötürmə sistemi ilə təchiz edilib. Bu sistem sükan bucağı, sürətlənmə, dönmə sürəti və yol tutumu barədə məlumatları analiz edərək hərəkət şəraitinə əvvəlcədən uyğunlaşır. Əyləcləmə funksiyasına rekuperasiya sistemi və Audi Ceramic Pro karbon-keramika əyləcləri cavabdehdirlər.

“Brake-by-wire” texnologiyasına malik olan bu sistem Formula 1 texnologiyalardan istifadə edilərək yaradılmış ön tərəfdəki 420 millimetrlik 10-porşenli supportları, arxada isə, 410 millimetrlik 4-porşenli supportları ehtiva edir. Superkarın təchizatına daxil olan  Bridgestone Potenza Sport şinləri müxtəlif ölçülərdədir: öndə - 255/35 ZR20, arxada isə, 325/30 ZR21.

Nuvolari superkarının hibrid güc qurğusu Lamborghini Temerario modelindən götürülsə də, əhəmiyyətli şəkildə təkmilləşdirilib. İtalyan superkarının maksimum 920 at qüvvəsi hasil etdiyi halda, Audi modeli artıq 1001 at qüvvəsinə malikdir.

Hibrid sistemə 4,0-litrlik V8 biturbo benzin mühərriki (800 at qüvvəsi və 730 Nm) və hər biri 150 at qüvvəsinə malik olan üç elektrik mühəriki daxildir. Elektrik mühərriklərin ikisi ön oxda, üçüncüsü isə, daxiliyanma mühərriki ilə 8 pilləli robotlaşdırılmış ötürmələr qutusunun arasında yerləşdirilib. 

Mərkəzi tuneldə quraşdırılmış litium-ion batareyasının tutumu 7,3 kilovat/saatdır ki, bu da Temerario superkarındakı 3,8 kilovat/saatlıq batareyadan xeyli böyükdür. Avtomobil 0–100 km/saat sürətlənməni 2,6 saniyəyə, 0–200 km/saat sürətlənməni isə 6,8 saniyəyə yerinə yetirir. Maksimal sürət 350 km/saatdan artıqdır.

Nuvolari sükan üzərində yerləşdirilmiş fırlanan selektor vasitəsilə aktivləşdirilən dörd hərəkət rejiminə malikdir. E-Hybrid rejimində avtomobil qısa şəhər gedişləri üçün tam elektromobilə çevrilir. Balanced rejimi rahatlıq, səmərəlilik və dinamik xüsusiyyətlər arasında optimal balans yaradır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dynamic rejimi dinamika, manevretməni  və dəqiqliyi yaxşılaşdırır, Dynamic+ isə, avtomobilin bütün idman potensialını aktivləşdirir. Bundan əlavə, Wet, Dry, Race və TC Off (elektron sabitləşdirmə sisteminin tam söndürülməsi) alt rejimlərinə malik olan Track Mode da mövcuddur. Sonuncu ESP sistemini müxtəlif yol şəraitlərinə uyğun olaraq dəqiq tənzimləməyə imkan verir.

Audi şirkəti Nuvolari modelindən cəmi 499 ədəd istehsal etməyi planlaşdırır. Müştərilərə ilk çatdırılmalarının 2027-ci ilin birinci yarısında başlaması nəzərdə tutulur. Rəsmi qiymət hələlik açıqlanmasa da, qeyri-rəsmi məlumatlara görə avtomobilin qiyməti təxminən 500–600 min avro arasında olacaq. Müqayisə üçün qeyd etmək olar ki, Lamborghini Temerario modelinin başlanğıc qiyməti hazırda 310 min avro təşkil edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.