Ferrari şirkəti özünün ilk elektromobilini yaratmaq üçün çalışmalara altı il əvvəl başlayıb və bu layihə ilkin olaraq Elettrica adlanırdı. 2024-cü ildə yalnız elektromobillər istehsal edəcək xüsusi zavodun - E-Building müəssisəsinin tikintisinin başa çatdığı elan olunub. Lakin italyanlar elektromobil haqqında ilk detalları yalnız ötən ilin sonunda paylaşıblar: onun konstruksiyası və əsas xüsusiyyətləri haqqında məlumatlar açıqlanıb. Ötən ilin fevral ayında Luce (italyanca "işıq" mənasını verir) adlandırılan avtomobilin salonu nümayiş etdirilib. İndi isə, Ferrari Luce elektromobili rəsmi olaraq debüt edib.
Artıq italyanların elektromobilin rəsmi debütünə qədər onun xarici görünüşünü açıqlamaq istəmədiklərinin səbəbi məlum olub. İş orasındadır ki, Ferrari Luce modelinin dizaynı italyan istehsalçısının öz dizayn studiyası tərəfinfən deyil, Apple korporasiyasının keçmiş əməkdaşları Coni Ayv və Mark Nyusonun rəhbərlik etdiyi LoveFrom studiyası tərəfindən yaradılıb. Açığını deyim ki, Luce modelinin dizaynı mən də daxil olmaqla, hər kəsi şoka salıb. Fikrimcə, bu dünyadakı ən çirkin Ferrari avtomobilidir. Məlum məsəsələdir ki, yeni modelin dizaynı sosial şəbəkələrdə yeni çoxsaylı memlərin (el arasında demişkən lağ, ələsalma, dolama) peyda olmasına təkan verib. İş o həddə çatıb ki, hətta Ferrari şirkətinin keçmiş prezidenti Luka Di Motezemolo öz emosiyalaranı cilovlaya bilməyib və elektromobil haqqında kəskin ifadələr işlədib.
Yeni liftbek hərəkət istiqamətinin əksinə açılan arxa qapılara və yüksək profilə malikdir. Görünən odur ki, hündür və ağır siluet döşəmənin altında yerləşən batareya ilə bağlıdır, baxmayaraq ki, dizaynerlər bu izafi ağırlığı kandarlar, dam və ön hissəini qara rəngə boyanmaqla gizlətməyə çalışıblar. Bundan əlavə, bu günə qədər Ferrari minik avtomobillərində quraşdırılmış ən böyük disklər (ön tərəfdəi 23, arxa tərəfdə isə 24 düymlük) də elektromobilin vizual ağırlığını gizlətmək üçün nəzərdə tutulub.
Ferrari Luce modelinin ön hissəsində ənənəvi radiator barmaqlıq yoxdur, onun yerinə kapota tərəf yüksələn və özünəməxsus antiqanad yaradan hava yönləndiricisi peyda olub. Arxa hissədə həmçinin hava yönləndiriciləri və klassik Ferrari modellərinin üslubunda dörd dairəvi arxa işıqlar var. Miniatür qapı tutacaqları və rəvan altlıq da aerodinamik müqavimət əmsalının yaxşılaşdırılmasına kömək edir (cd 0.254). Nəhayət, elektromobilinin dəqiq ölçüləri açıqlanıb: onun uzunluğu 5026, eni — 1999, hündürlüyü isə, 1544 millimetrdir. Təkər bazasının ölçüsü 2960 millimetr təşkil edir.
Elektromobilin interyeri müasir texnologiyaları, fiziki düymələr, açarlar və fırlanan tənzimləyicilər də daxil olmaqla klassik idarəetmə elementlərini mükəmməl şəkildə birləşdirir. Sürücünün qarşısında frezerlənmiş 19 alüminium komponentdən ibarət olan, 1960-cı illər üslubunda dizaynı ilə seçilən idman sükan çarxı yerləşir. Onun arxasında, birbaşa sükan sütununda yerləşən və Samsung Display şirkətinin köməyi ilə yaradılmış unikal cihazlar paneli var. Dairəvi küncləri olan 12,5 düymlük ümumi blokda aralarında əlavə indikatorlar olan üç dəyirmi displey var.
Mediasisteminin mərkəzi ekranının diaqonalı 10 düymdür.Onunla birlikdə, yumrulanmış küncləri olan blokda iqlim nəzarət sisteminin tumbleri yerləşir. Kücdəki iki iri düymə ilə tənzimlənən əs əqrəbli saat yuxarı sağ küncdə yerləşir. Aşağıda dekorativ alüminium tutacaq quraşdırılıb və avtomobilin yaradıcıları onun media sistemini işlədərkən bilək dayağı kimi də xidmət edəcəyini bildiriblər. Mərkəzi konsolda transmissiyanın şüşədən selektoru, onun yanında isə, şəffaf açar üçün yuva var. Ferrari Luce modelinin interyerinin digər qeyri-adi xüsusiyyəti – aviasiya üslubunda tavan konsoludur. Onun üzərində lonç-kontrolun zərif dəstəyi və digər funksional açarlar var.
Arxa sərnişinlər üçün havalandırma sisteminin ayrıca deflektorları, iqlim nəzarət sisteminin tumblerləri və yığcam displey nəzərdə tutulub. Avtomobilin audio sistemi 21 dinamikə və 3000 vatt gücə malikdir. Sürücünü idarəetmə prosesinə daha çox cəlb etmək üçün, elektrik mühərriklərinin səsinin gücləndirən sistem mövcuddur. Ferrari şirkətindən bu sistemin ənənəvi daxiliyanma mühərrikinin səsini təqlid etmədiyini bildiriblər. Onun əvəzinə, arxa güc moduluna quraşdırılmış xüsusi sensor elektrik mühərriklərindən gələn mikrovibrasiyaları tutur. Bu titrəmələr daha sonra elektrogitaradakı kimi gücləndirilir və salona ötürülür. Elektroliftbək sanballı baqaj həcminə (597 litr) malikdir.
Ferrari Luce inteqrasiya edilmiş asqıları, güc modulları və döşəməaltı dartma batareyası olan alüminium skeytbord platformasına əsaslanır. Liftbək dörd sinxron elektrik mühərriki (hər təkər üçün biri) ilə təchiz olunub. Hər bir mühərrik reduktor və inverterlə birlikdə bir modulda qablaşdırılıb. Bütün qurğu tamamilə Ferrari tərəfindən yaradılıb və istehsal olunur. Güc qurğusunun ümumi hasilatı 1050 at qüvvəsi və 990 Nm (təkərlərdə 11.500 Nm) çatır. 2260 kiloqram çəkiyə malik olan elektromobil 100 km/saat həddinə 2,5 saniyəyə, 200 km/saat həddini isə 6,8 saniyəyə yığa bilir. Luce modelinin maksimal sürəti 310 km/saatdır. Maranelloda hazırlanan və yığılan dartma batareyası 880 volt gərginliklə işləyir və 122 kilovat/saat tutuma malikdir. Maksimal doldurma gücü 350 kilovatdır. Ferrari Luce elektromobilinin təxmini yürüş məsafəsi 530 kilometrdir.
Elektromobilin tam idarələnən şassisi, rezin-metal birləşmələri vasitəsilə kuzova bərkidilən içiboş alüminium altçərçivələrə quraşdırılmış asqıya malikdir. Stabilizatorların əvəzinə 48 voltluq elektrik aktuatorları olan elektron idarələnən Multimatic amortizatorları quraşdırılıb. Onlar ilk dəfə Purosangue krossoverində peyda olublar və daha sonra F80 hiperkarda tətbiq ediliblər . Luce demək olar ki, mükəmməl çəki paylanmasına malikdir: çəkinin 47 faizi ön oxa, 53 faizi isə, arxa oxa düşür. Karbon-keramika əyləcləri ön tərəfdə 390, arxa tərəfdə isə, 372 millimetrlik disklərlə təchiz olunub.
Avropa Ferrari şirkətinin ilk elektromobilinin satılacağı biricinci bazar olacaq. Ferrari Luce modelinin Avropa bazarındakı qiymətinin 520.000 avrodan başlayacağı açıqlanıb. Sifarişlərin qəbuluna bu ilin sonlarında başlanmalıdır. Avtomobil gələn il Şimali Amerikada satışa çıxarılmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.












