Çinin Great Wall şirkəti yeni beş metrlik Tank 600 ofrouderini nümayiş etdirib. Toyota Land Cruiser modelinin potensial rəqibi özünəməxsus brutal görkəmi və sanballı klirensi ilə fərqlənir. 600 indeksli ofrouderin Great Wall şirkətinin ramalı arxitekturasında inşa edilən ilk Tank modeli olacağı, yeni altısilindrli 3,0-litrlik turbomühərriki və 9-pilləli avtomatik transmissiyanı alacağı gözlənilir. Tank 600 ofrouderinin dünyəvi debütünün avqust ayının sonunda keçirilməsi planlaşdırılır.
Hazırda Tank markasının model çeşidində 27.000 dollara satılan Tank 300 ofrouderi var. Bununla belə, istehsalçı dörd yeni modeli təqdim etməyə hazırlaşır ki, onlardan birincisi Tank 600 modeli olacaqdır
Brutal görkəmli Tank 600 modeli beş metrlik uzunluğa malik olan ramalı ofrouderdir. Yeni ofrouderin uzununa yerləşən mühərriki olan miqyaslanan platformada inşa ediləcəyi məlumdur. Xatırladaq ki, bir müddət bundan əvvəl nümayiş etdirilmiş 700 və 800 adlı şou avtomobilləri də bu platformaya əsaslanırlar.
Bundan başqa, Tank 600 ofrouderinin yeni güc aqreqatı ilə təchiz edilən ilk seriya modeli olacağı açıqlanıb. 6Z30 kod adı ilə tanınan 3,0-litrlik V6 mühərriki qarışıq püskürtməyə, iki turbokompressora və 48 voltluq startyor-generatora malikdir.
Güc qurğusu 354 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, fırlanma anının 320 Nm-i artıq 1000 dövr/dəqiqədə alçatandır. Doqquz pilləli "avtomat" 600 Nm-ə qədər fırlanma anını “həzm” edir Sonradan belə güc aqreqatı digər Tank modellərində və iri ölçülü Great Wall pikaplarında quraşdırılacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.