Hindistanın Tata Motors şirkəti daxili bazar üçün Tiago.ev adlı miniatür elektrik hetçbekini hazırlayıb. Model üçün, 19,2 kilovat-saatdan başlayaraq müxtəlif tutumlu batareyası olan bir neçə variant və təchizat səviyyəsi mövcuddur. Yeni hetçbekin minimum qiyməti 10 370 dollardır.
Tiago.ev modelinin XE adlı baza versiyası 19,2 kilovat-saat tutumlu batareyanın olması ilə seçilir. Miniatür ölçüsünə baxmayaraq, batareya hetçbekə enerji yükləmədən 255 kilometr məsafə qət etməyə imkan verir.
Daha böyük yürüş ehtiyatına ehtiyacı olanlar üçün şirkət 24 kilovat-saatlıq batareyası olan elektromobilin bir neçə təchizat variantını hazırlayıb. Belə avtomobillər enerji yükləmədən 315 kilometrə qədər məsafə qət edə bilirlər. Eyni zamanda, cəmi yarım saat ərzində batareyanın 100 kilometrlik yürüş ehtiyatını bərpa etmək mümkündür.
Tiago.ev batareyaları 74 at qüvvəsi hasil edən daimi maqnitli sinxron elektrik mühərrikini qidalandırırlar. Şirkətdən bildirildiyinə görə, hetçbekə 60 km/saat həddinə sürətlənmək üçün 5,7 saniyə lazımdır.
Hind elektromobilinin minimal qiyməti 10 370 dollar təşkil edir. Daha uzun mənzilli versiya üçün 14 499 dollar ödəmək gərəkdir. Bundan əlavə, avtomobil istehsalçısı güc qurğusuna səkkiz il və ya 160 min kilometr zəmanət verir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.