Tata şirkəti yeni Tamo subbrendi altında buraxılacaq ortamühərrikli idman avtomobilini hazırlamışdır. Yeni sportkarın kütləvi təqdimat mərasimi bir aydan sonra işinə başlayacaq 87-ci Cenevrə avtosalonunda keçiriləcəkdir.

Autocar dərgisinin əldə etdiyi məlumata əsasən, şirkət daxilində yeni avtomobil Futuro adı ilə tanınır. Hindistan istehsalçısının hazırladığı avtomobilin Opel Speedster sportkarının üslubunda dizayna malik olduğu söylənilir. Ehtimallara görə, Tamo Futuro 180 at qüvvəsi gücü olan 1,2-litrlik turbomühərriklə hərəkətə gələcəkdir.  Modelin əsasını plastik və alüminiumdan hazırlanmış platforma təşkil edəcəkdir. Tata Motors qənaət etmək xatirinə karbon və başqa bahalı materiallardan imtina etmişdir. Tamo Futuro modelinin çəkisinin 800 kiloqram təşkil edəcəyi söylənilir.

Hind istehsalçısının planlarına görə, Futuro modeli ildə 250 ədədlik tirajla buraxılacaqdır. Modelin qiyməti təxmini olaraq 2 milyon 500 min rupi təşkil etməlidir. Tamo Futuro modelinin satışlarına 2018-ci ilin ortalarında başlanacaqdır.