Tata Motors şirkəti Tigor adını almış subkompakt sedanın ilk rəsmi tizerini dərc etmişdir. Yeni avtomobilin təqdimat mərasimi yaxın vaxtlarda keçririlməlidir. Tata Tigor bir il bundan əvvəl hind istehsalçısı tərəfindən təqdim edilmiş Tata Kite 5 konseptinin seriya variantıdır.

Yeni sedan hazırda Tata şirkətinin istehsal etdiyi eyni adlı hetçbekin bazasında hazırlanmışdır. Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, dörd qapılı Tata Tigor konseptin dizaynını praktiki olaraq qoruyub-saxlayacaqdır. Qeyri-rəsmi məlumata əsasən sedanın qabarit uzunluğu 3995 millimetr, təkər bazasının uzunluğu isə 2450 millimetr təşkil edəcəkdir. Beləliklə, sedan öz “texniki donorundan” 249 millimetr uzun olacaqdır. Əlavə olaraq, avtomobilin təkər bazasının uzunluğu da 55 millimetr artacaqdır. Avtomobilllərin eni (1647 millimetr) və hündürlüyü (1535 millimetr) isə, demək olar ki, eynidir.

Çox güman ki, sedan kuzovli Tata Tigor, hetçbekdən mühərriklər çeşidini də irsən alacaqdır. Bu halda, sedan 85 at qüvvəli 1,2-litrlik və 70 at qüvvəli 1,0-litrlik mühərriklər ilə təklif ediləcəkdir. Güc aqreqatları 5-pilləli mexaniki ötürmələr qutusu ilə komplektləşdiriləcəkdirlər. Gələn ildən hetçbek və sedanın “robotla” da təklif ediləcəyi bildirilmişdir. Tata Tigor sedanının təchizatına iki təhlükəsizlik yastığı, ABS və EBD sistemləri, kondisioner və arxa parktronik daxil edilmişdir. Hindistanda Tata Tigor hetçbeki 324283 rupiyə (9070 manata) satılır. Sedanın bir qədər baha olacağı ehtimal edilir.