Hər kəsin Covid-19 adlanan koronavirusla mübarizə apardığı, dünyaya iri bir asteroidin yaxınlaşdığı bir vaxtda mənim yazdıqlarım sizə qəribə gələ bilər. Amma, bəşəriyyətin koronavirusa təslim olmaq fikri yoxdur və ümid edirəm ki, yaxın zamanlarda ona Kuzyanın anasının harda olduğunu göstərəcəyik. İndi isə keçək əsas mətləbə.
Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrdə elektromobillərin idxalı zamanı tətbiq edilən 15% idxal rüsumunun 2021-ci ilin sonun qədər ləğv edildiyi barədə xəbər yazmışdıq. Belə bir addımın bizim dövlət strukturları tərəfindən atılmasının məqsədəuyğun olduğunu da bildirmişdik. Lakin, bir məsələyə dəqiqlik gətirmək istərdim. Bəli, fiziki və hüquqi şəxslər idxal zamanı ƏDV tutulmasından azad ediliblər - yəni, fiziki şəxs də, hüquqi şəxs də, idxal zamanı yalnız 15% idxal vergisi ödəyir.
Lakin, necə deyərlər, aysberqin görünməyən tərəfi də var. Hesab edin ki, siz bir şirkətin sahibiziniz və gün ərzində 250-300 km sürülən çox sayda avtomobiliniz var. Siz yanacaq və təmir xərclərini azaltmaq, eləcə də əhalinin sağlamlığını düşünən sosial məsuliyyətli vətəndaş olaraq, havaya atılan tullantıları azaltmaq üçün avtoparkınızı elektrik avtomobillərinə dəyişmək istəyirsiniz. Yaxud zəmanətli elektrokar almaq arzusunda olan fiziki şəxssiniz. Bunun üçün kimə müraciət etməlisiniz? Əlbəttə ki, rəsmi avtomobil dilerinə. Çünki çox sayda avtomobili müqavilə əsasında rəsmi bank köçürməsi ilə tədarük edib, sonra da onlara zəmanət verib və müqavilə əsasında xidmət göstərmək imkanına ancaq rəsmi diler malikdir. «Qara» bazar isə bu tələbatı yerinə yetirmək iqtidarında deyil.
Diler salonuna gəlirsiniz və sizə satılacaq avtomobilin dəyərinə 18% ƏDV tətbiq ediləcəyini öyrənirsiniz. Sual edə bilərsiniz ki, əcaba idxal zamanı tətbiq edilən ƏDV ləğv edilməyibmi? Bəli, ləğv edilib, lakin bu satış zamanı tətbiq edilən vergidir. İlk düşünəcəyiniz bəs biz ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviq etmirdikmi? Ölkə başçısının imzaladığı dövlət proqramının məqsəd bu deyilmi?
Digər bir məsələ. Məlumdur ki, həm elektrokarlar, həm də hibridlər batareyaya malikdirlər və xarici ekspertlərin bildiridiyinə görə, batareyaların düzgün utilizasiyası təşkil edilməzsə, onlar ətraf mühitə nüvə qalıqları qədər ziyan vura bilərlər. Yaddan çıxarmaq lazım deyil ki, hazırda ölkəmizə gətirilən ikinci əl elektrokar və hibridlərin əksər hissəsinin batareyaları bir-iki ilə ərzində ömrünü başa vuracaq və artıq dəyişdirilməlidirlər.
Əgər biz ətraf mühiti, ölkəmizdəki heç də xoş olmayan ekoloji vəziyyəti, övladlarımızı və millətin gələcəyini düşünürüksə, ekoloji cəhətdən təmiz sayılan nəqliyyat vasitələrinin təşviqi üçün kompleks tədbirlər həyata keçirməliyik. Bəli, təndiq etmək asandır, lakin tənqidlə yanaşı təklifləri də ortaya qoymaq gərəkdir.
Bəs ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi üçün nə təklif edirik?
Birincisi, batareyaların utilizasiyasını həyata keçirmək üçün tədbirlər planı hazırlanmalıdır.
İkincisi, belə nəqliyyat vasitələrinin alan şəxslər gömrük rüsumlarından başlamış vergilərə və istismar xərclərinə qədər müəyyən güzəştlər əldə etməlidirlər. Məsələn, idxal zamanı tətbiq edilən 15% idxal rüsumunun tutulmasının və satış zamanı tətbiq edilən ƏDV-nin müəyyən müddət ərzində dayandırılması məqsədəuyğun olardı. Artıq bir çox dövlətlər bunu həyata keçirir.
Üçüncüsü, ekoloji təmiz avtomobilləri istismar edən hüquqi və fiziki şəxslər müəyyən vergi güzəştləri almalıdırlar. Hətta, nəqliyyat vasitəsinin qeydə alınması zamanı da müəyyən güzəştlər etmək olar.
Hələlik isə, indiki vəziyyətdə, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin rəsmi yolla və zəmanətlə satışı, həmçinin havaya tullantıların azaldılması təşviq edilmir desək, yanılmarıq.
Məndən bu qədər. Sonra, demədi deməyin…