Porsche avtomobillərinin məşhur tüneri olan TechArt GmbH şirkəti 911 modeli üçün çoxlu sayda təkmilləşdirmələr təklif edir. Lakin, bu dəfə alman tüner hazırladığı sportkarın xarakteristikalarının hiperkarlara layiq olacağını iddia edir. TechArt GTstreet R adını almış avtomobilin kamuflyaja bürünmüş variantı bu günlərdə sınaqlar zamanı görünmüşdür. Ən maraqlısı isə, avtomobilin bu vaxta qədər görünməyən forması olan arxa antiqanadla təchiz edilməsidir.
TechArt bir müddət bundan əvvəl 997 GT2 RS modelinin əsasında hazırlanmış GTstreet RS adlı layihəsini təqdim etmişdir. 660 at qüvvəli 3,6-litrlik mühərrikə malik olan avtomobil 0-dan 100 km/saat həddinə 3,4 saniyəyə sürətlənirdi. TechArt GTstreet RS modelinin maksimal sürəti 345 km/saata bərabərdir. Yeni GTstreet R modelinin yaradılması üçün əsas olaraq 2017-ci model ilinin Porsche 911 Turbo S sportkarı götürüləcəkdir.
Bildiyimiz kimi 911 Turbo S modeli 580 at qüvvəsinə malik olan 3,8-litrlik altısilindirli iki turbokompressorlu mühərriklə hərəkətə gəlir. Çox güman ki, avtomobilin hazır variantı payızda keçiriləcək Paris avtosalonunda nümayiş etdiriləcəkdir.