Porsche avtomobillərinin tüninqi ilə məşhurlaşan TechArt atelyesi Porsche 718 Boxster modeli üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim etmişdir. Yığcam idman avtomobili yeni aerodinamik kuzov dəstini, unikal təkər disklərini və 400 at qüvvəsinə malik olan mühərriki əldə etmişdir.
Xatırladaq ki, yeni rodster Porsche şirkəti tərəfindən iki modifikasiyada təklif edilir – 718 Boxster və 718 Boxster S.
Bildiyimiz kimi, Boxster modelinin kapotunun altında 2,0-litrlik dörd silindrli oppozit mühərriki yerləşmişdir ki, bu aqreqat da turbikompressor, birbaşa çiləmə və inteqrasiya edilmiş quru karterli yağlama texniologiyası ilə təchiz edilir.
Bu mühərrik standart olaraq 300 at qüvvəsinə və 380 Nm fırlanma anına malikdir. Porsche 718 Boxster S modeli isə 2,5-litrlik dörd silindrli turbomühərriklə təchiz edilir ki, bu güc aqreqatı da 350 at qüvvəsinə və 420 Nm-ə malikdir.
TechArt mütəxəssisləri tərəfindən hazırlanmış mühərrik isə artqı 400 at qüvvəsi təklif edir.
Bununla belə, avtomobilin güc aqreqatının hansı dəyişikliklərə məruz qaldığı məlum deyildir. Böyük ehtimalla, ətraflı məlumat bu günlərdə baş tutacaq Essen Motor Show 2016 tüninq sərgisinin çərçivəsində açıqlanacaqdır. TechArt tərəfindən hazırlanmış avtomobil karbondan hazırlanmış kuzov dəstinə, 21-düymlük unikal Formula IV təkər disklərinə, daha güclü əyləc mexanizmlərinə və titandan hazırlanmış buraxılış sisteminə malik olmuşdur.
Avtomobilin salonu yüksək kefiyyətli dəri və alkantara, həmçinin sarı haşiyələrə və tikişlərlə bəzədilmişdir.