Techart alman atelyesi mövcud Porsche Cayenne krossoverinin hərtərəfli təkmilləşdirilməsini həyata keçirib. Atelye bütün təchizat səviyyələrindəki krossoverlər üçün məhsuldarlığı artıran tüninq-kitləri, habelə aerodinamik kuzov dəstləri, xüsusi təkər diskləri və salon üçün yeni tərtibat variantları hazırlayıb.
Techart mühəndisləri istənilən Cayenne modelinin gücünü - 340 at qüvvəli baza versiyasından tutmuş 680 at qüvvəli Turbo S E-Hybrid modelinə qədər, - artırmağa hazırdırlar. Techart atelyesinin müdaxiləsindən sonra hibrid Porsche Cayenne modelinin hasilatı 750 at qüvvəsinə və 1030 Nm-ə qədər artıb. Belə artım yalnız çip-tüninq sayəsində əldə edilir.
Adi Cayenne Turbo modelinin hasilatı 700 at qüvvəsinə (+ 150 a.q.) və 900 Nm (+ 130 Nm) fırlanma anına qədər artırıla bilər, lakin çip-tüninqə əlavə olaraq, turbokompressorlar və səsboğucu sistemin də dəyişdirilməsi tələb olunur. Nəticədə, krossover 100 km/saat həddini 3,2 saniyəyə toplayır - bu, adi modeldə olduğundan 0,7 saniyə daha yeyindir.
Ən çox güc qazanan model isə Cayenne GTS krossoveridir: mühərrikin elektron idarəetmə vahidini yenidən proqramlaşdıraraq gücü 180 at qüvvəsi, fırlanma anı isə 250 Nm-ə qədər artırılır. Nəticədə, GTS versiyasının hasilatı 640 qüvvəsi və 870 Nm təşkil edir.
Tüninq keçmiş Cayenne modeli adi krossoverdən yalnız çıxış borularının uçları ilə fərqlənə bilər, lakin müştərinin arzusu ilə, krossover fərdiləşdirilə də bilər. Tüner altı variantda təkər diskləri təklif edir ki, onlarınnda arasında ən iri ölçülüsü 23-düymlükdür.
Disklər həm bir, həm də iki rəngli ola bilər. Bundan başqa, kəsikləri olan karbon kapotu, bamperə vurulan karbon işləmələri, yeni diffuzoru və digər hissələri də quraşdırmaq olar.
Techart interyerin fərdiləşdirilməsi üçün geniş imkanlara malikdir. Müştəri interyeri yalnız dəri, alkantara və ya təbii yunla örtülməsini sifariş etməklə yanaşı, eyni zamanda, tikiş variantlarını, perforasiya naxışlarını və ya xüsusi sırmaları seçmək hüququna malikdir. Nümayiş olunan krossoverdə sükan və oturacaqlar zamşa ilə tərtib edilib, pedallar alüminiumdan örtüklər ilə təchiz olunub, kandarlar isə Techart lövhələri ilə bəzədilib.
Yalnız Techart təkmilləşdirmələrin qiymətini açıqlamayıb.