Almaniyanın TechArt atelyesi yeni Porsche 911 Turbo sportkarını 800 at qüvvəli monstra çevirib. GTstreet R layihəsi karbondan hazırlanmış geniş gövdəli aqressiv kuzov dəstinin quraşdırılmasını, mühərrikin gücləndirilməsini, asqının yenidən işlənməsini və interyerin yenidən tərtibatını əhatə edir.
Ümumilikdə 87 ədəd GTstreet R superkarı hazırlanacaqdır: tüninq proqramı 911 Turbo və ya 911 Turbo S versiyalarındakı modellər üçün əlçatandır. Görüləcək işlərin qiyməti 73 min avrodan başlayır.
TechArt atelyesinin layihəsinin əsas xüsusiyyəti trek yönümlü aerodinamik kuzov dəstidir. Yeni bamperlər, təkər tağlarının genişləndiriciləri, arxa antiqanad, yan ətəklər və hava girişləri 140 km/saat sürətində qaldırma gücünü 45% azaldır, arxa oxun yerəbasma gücünü artırır və soyudulmanı yaxşılaşdırır.
Zahiri cəhətdən, 911 GTstreet R modeli 911 GT2 RS xəttinin davamçısı kimi görünür - oxşarlıq ön qanadlardakı xarakterik kəsiklər, böyük spoyler və boyanmamış kompozit hissələrin istifadəsi sayəsində əldə edilir.
Sportkar kuzov dəstinə uyğun təkər diskləri ilə də təchiz edilir: kupe öndə 265/35 ZR20, arxada 325/30 ZR21 ölçüsündə olan Michelin Pilot Sport Cup 2 və ya Pilot Sport 4S şinləri ilə təklif olunur.
3.75 litr həcmli standart altısilindrli oppozit mühərrikinin gücü 650-dən 800 at qüvvəsinə, fırlanma anı isə 800-dən 950 Nm-ə qədər artırılıb. Hasilatın artırılmasına, turbokompressorların dəyişdirilməsi və elektron idarəetmə vahidinin proqram təminatının yenilənməsi sayəsində nail olunub.
Tənzimlənən dayaqlar və ya sərt idman yayları vasitəsi ilə asıqının hündürlüyünü 25 millimetr azaltmaq mümkündür.
Demo versiya tamamilə yenidən tərtib edilmiş interyerə malikdir. Dizaynerlər damalı naxışları olan retroüsluba üstünlük veriblər. Salon tərtibatında incə dəridən, alkantara və karbondan geniş istifadə olunur. Müştərinin istəyi ilə salon fərqli şəkildə tərtib edilə bilər (hətta yun ilə tərtibat da mövcuddur).
Gələcəkdə arxa oturacaqlardan imtina edib, onları təhlükəsizlik qəfəsi ilə əvəz etmək mümkün olacaqdır.
Porsche 911 Turbo kupesi Almaniyada 190.000 avroya, Turbo S isə 222.000 avroya satılır. Bu fonda TechArt atelyesinin tələb etdiyi 73 min avro (vergilər xaric) o qədər də yüksək görünmür, ancaq tam tüninqin qiymətinin asanlıqla 100 min avronun üzərində olacağını söyləmək gərəkdir.