Porsche avtomobillərinin tüninqi ilə məşhurlaşmış TechArt atelyesi yeni nəsil Porsche Panamera modeli üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim etmişdir. GrandGT adını almış proqram yeni aerodinamik dəstin və eksklyuziv təkər disklərinin quraşdırılmasını nəzərdə tutur.
GrandGT dəstinin kuzov elementləri alman markasının bayraqdar modelini “qaynar” 911 GT3 modelinə bənzər edir. Misal üçün, liftbek GT3 modelinin ön bamperinə bənzər bamperə və forması dəyişdirilmiş hava girişlərinə sahib olmuşdur.
Atelye nümayəndələrinin sözlərinə görə, yeni kuzov dəsti avtomobilə nəinki “böyük estetik gözəllik bəxş edir”, o həmçinin hava kütləsinin avtomobilin qurğu və aqreqatlarına daxil olmasını optimallaşdırır.
Eyni zamanda, TechArt GrandGT modeli karbondan hazırlanmış kapota və avtomobili öndə 50 millimetr, arxada isə 80 millimetr geniş edən təkər tağlarına sahib olmuşdur. İri təkər tağlarının içərisində öndə 285/30, arxada isə 335/25 ölçülü təkərlərlə təchiz edilmiş və unikal dizayna malik olan 22-düymlük təkər diskləri yerləşdirilmişdir.
Avtomobilin arxa hissəsində karbondan hazırlanmış diffuzor və təkmilləşdirilmiş antiqanad quraşdırılmışdır.
Atelye mütəxəssisləri müştərinin arzu və tələblərinə uyğun olaraq, Pamanera modelinin salonunu tamamilə yenidən tərtib edə bilərlər.
Bunlara missal olaraq, narıncı haşiyələrə malik olan yüksək kefiyyətli dəri üzləmələri, yeni sükan çarxını və bir sıra eksklyuziv elementləri göstərmək olar.
Qeyd etmək lazımdır ki, GrandGT dəsti yeni nəsil Panamera modelinin Turbo S E-Hybrid də daxil olmaqla bütün modifikasiyaları üçün nəzərdə tutulmuşdur.