Avropa dizayn institutunun bir qrup tələbəsi 2035-ci ilin Alpine sportkarına olan baxışlarını nümayiş etdiriblər. Konsept A4810 indeksinə sahib olub. Yaradıcılarının düşüncələrinə görə, konsept “qabaqcıl texnologiyalar” və hidrogen güc qurğusu ilə təchiz ediləcəkdir. Bununla belə, arxa hissədəki buraxılış sisteminin iki çıxış borusu daxili yanma mühərrikinə işarə edir.
Bu Alpine markasının model xəttində yalnız A110 kupesi var. Kupe 252 - 300 at qüvvəli mühərrik ilə təchiz edilən üç versiyada təklif olunur. Markanın gələcək modelləri elektrokar olacaqdırlar. İlkin məlumata görə, çeşidə A110 modelinin varisi, GT X-Over krossoveri və retroüslubda hot-hetç daxil olacaqdır. Sonuncu Renault 5 modelinin “bərkgedən” versiyası olacaqdır.
Çox güman ki, 2035-ci ildə hidrogenlə çalışan sportkara da yer tapılacaqdır. Onun necə ola biləcəyini Avropa dizayn institutunun tələbələri göstəriblər. Nəticədə, kabinin irəli çəkilmiş kupolu olan alçaq və enli A4810 (rəqəm Monblan dağının metrlə olan hündürlüyünə işarə edir) “superberlinetta” alınıb. Bununla belə, onlar sportkarın texniki xarakteristikalarını açıqlamayıblar. Çixiş borularından da göründüyü kimi, sportkar elektrokimyəvi generator ilə deyil, təcrübi Toyota GR Yaris H₂ modelindəkinə bənzəyən daxili yanma mühərriki ilə təchiz edilir.
Hidrogen istiqaməti Renault qrupunun (Alpine markasının da daxil olduğu) inkişaf strategiyasına daxildir. Müvafiq texnologiyaların hazırlanması üçün Plug Power şirkəti ilə birlikdə Hyvia müştərək müəssisəsi yaradılıb. Çox güman ki, müştərək müəssisənin ilki hidrogen güc qurğusu ilə təchiz edilmiş adı açıqlanmayan konsept olacaqdır. Konseptin debütü bu ilin may ayında keçirilməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.