İki həftə bundan öncə sizi ən məzəli 20 avtomobil reklamı ilə tanış etmişdik. Bu gün isə, dünyanın 10 ən yavaş avtomobili haqqında danışmaq qərarına gəlidk. Ədalət xətrinə biz bu siyahıdan hibrid və elektrokarları, həmçinin bəzi bazarlarda satılan avtomobilləri çıxarmışıq. Gəlin dünyanın tanıdğı və qlobal olaraq satılan modelləri götürək.
Əslində bu siyahıya "ağsaqqallığı" vaxtı ilə Hindistanda buraxılan Tata Nano başçılıq etməli idi. Lakin, 100 km/saat; 29,4 saniyəyə toplayan və arxadan külək əsərsə, enişdə 105 km/saata qədər sürətlənən avtomobilin istehsalına 2018-ci ildə son verilib. Bəs Nano-nun layiqli davamçıları hansı modellərdir?
Dacia Dokker 1/5 BluedCi
Bu avtomobil yavaş avtomobillərin reytinqində 10-ci yeri tutur. 75 at qüvvəsi və 180 Nm fırlanma anı hasil edən 1,5-litrlik mühərriki sayəsində avtomobil 100 km/saata 15,5 saniyəyə sürətlənir və 152 km/saat maksimal sürət həddinə malikdir.
Fiat 500L 1.3 Multijet
Bu italyanın üstün cəhətləri kifayət qədərdir, amma onun 1,3-litrlik Multijet mühərriki bu cəhətlərə daxil deyil - 95 at qüvvəsi və 200 Nm fırlanma anı hasil edən mühərrik Fiat-ı 100 km/saata 15,5 saniyəyə sürətləndirir. Maksimal sürət 163 km/saatdır.
Volkswagen eco up!
Volfsburqdan olan bu kiçik hetçbek, bu günki reytinqdə təbii qazla işləyən yeganə avtomobildir. 68 at qüvvəsi (90 Nm) hasil edən üçsilindrli mühərrik avtomobilciyi 100 km/saata 16,3 saniyəyə sürətləndirir. Maksimal sürət - 163 km/saatdır.
Ford Torneo Courier 1.5 TDCi
Ford Tourneo Courier modelinin təchiz edildiyi 75 at qüvvəli (185 Nm) 1,5-litrlik dizel mühərriki onu 100 km/saata 16,4 saniyəyə sürətləndirir. Maksimal sürət - 160 km/saatdır. Əlbəttə ki, avtomobilin aerodinamik cəhətdən mükəmməlikdən uzaq olan kuzovunu da yaddan çıxarmaq lazım deyil.
Skoda Fabia 1.0
Yaxın zamanlarda nəsil dəyişəcək Fabia hetçbeki 60 at qüvvəli (95 Nm) 1,0-litrlik üçsilinrli mühərrik ilə təchiz edilir. Bu mühərriklə hetçbek 100 km/saata 16,4 saniyəyə və 156 km/saat maksimal həddinə sürətlənir. A nöqtəsindən B nöqtəsinə rahat və sakit şəkildə səfər edə bilərsiniz.
Mitsubishi Space Star 1.0
Siyahının ortasındakı kiçik yapon avtomobilinin Avropadakı satışları güclü rəqabət ucbatından o qədər də uğurlu deyil. Avtomobilin dinamikası da mavi səmadan ulduz yaxalamır - 71 at qüvvəli (88 Nm) 1.0-litrlik üçsilindrli mühərrik ilə təchiz edilmiş hetç 100 km/saat həddinə 16,7 saniyəyə sürətlənir. Maksimal sürət isə 172 km/saatdır.
Hyundai i10 1.0
Azərbaycanlılara tanış olmayan bu koreya hetçbeki seqmntdəki ən maraqlı avtomobillərdən biridir. Lakin, onun 67 at qüvvəli (96 Nm) üçsilindrli 1,0-litrlik mühərrik ilə təchiz edilmiş sadə variantı 100 km/saata 16,8 saniyəyə sürətlənir. Makismal sürət - 147 km/saatdır,
Renault Clio 1.0
2020-ci ildə Avropada bestseller olan yığcam Clio hetçbeki 65 at qüvvəli (95Nm) 1,0-litrlik atmosfer mühərriki ilə təchiz edilən baza versiyası sayəsində reytinqin zirvəsinə yaxın olub. Renault 100 km/saat həddinə 17,1 saniyəyə sürətlənir və 160 km/saatlıq maksimal sürət həddinə malikdir.
UAZ pikapı
Rus istehsalçısı pikapın dinamik xarakteristikalarını açıqlamasa da, italyan jurnalistləri onun 100 km/saatı 18 saniyəyə topladığını iddia edirlər. 135 at qüvvəli 2,7-litrlik mühərrik pikapı 160 km/saata qədər sürətləndirmək iqtidarındadır.
Dacia Duster 1.0 GPL
Birinci yer Rumıniyadan olan Dacia Duster modelinə qismət olub. Üstəlik, qalib sadə versiya deyil - o, maye qazla ilə işləyən bioyanacaqlı 1,0-litrlik TCe mühərrikinə və monoötürməyə malik olan versiyadadır. 100 at qüvvəli (168 Nm) üçsilindrli mühərrik krossoveri 100 km/saata 18,8 saniyəyə sürətləndirir. Bəyan edilmiş maksimal sürət -168 km/saatdır.